Milli Məclisin komitə sədri: "Su ehtiyatlarının azalması ərzaq təhlükəsizliyinə birbaşa təsir edir"
“İqlim dəyişmələri artıq dünyanın müxtəlif su hövzələrində ciddi dəyişikliklər yaradır. Temperaturun yüksəlməsi, yağıntı rejiminin dəyişməsi, çay axınlarının zəifləməsi və buxarlanmanın artması su ehtiyatlarının vəziyyətinə birbaşa təsir göstərir”.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində keçirilən "Daxili su hövzələrində iqlim dəyişmələrinin yaratdığı çağırışlar: Xəzər dənizi nümunəsində" adlı panel sessiyada deyib.
Onun sözlərinə görə, bunun nəticələri ekologiya ilə məhdudlaşmır. Su ehtiyatları ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı, ictimai səhiyyə, nəqliyyat, logistika, infrastruktur və sosial rifahla sıx bağlıdır:
“Bu baxımdan Xəzər dənizi bizim üçün xüsusi əhəmiyyət daşıyır.
Xəzər dünyanın ən böyük daxili su hövzəsidir. Onun ekosistemi, biomüxtəlifliyi, sahilyanı yaşayış məntəqələri, balıqçılıq təsərrüfatı, limanları, energetika infrastrukturu və nəqliyyat əlaqələri Azərbaycan və bütövlükdə region üçün strateji əhəmiyyətə malikdir.
Bu gün bizi xüsusilə düşündürən məsələ Xəzərin su səviyyəsinin aşağı düşməsidir.
Suyun geri çəkilməsi sahil xəttinin dəyişməsinə, limanların və nəqliyyat infrastrukturunun fəaliyyətinə, sahilyanı ekosistemlərə və balıqçılıq təsərrüfatına təsir göstərir. Yeni quru sahələrinin yaranması, torpaq örtüyündə dəyişikliklər, şorlaşma və tozlanma kimi proseslər gələcəkdə daha ciddi ekoloji və sosial-iqtisadi nəticələr doğura bilər.
Bu səbəbdən Xəzərə yalnız bu günün problemi kimi baxmaq kifayət etmir. Biz onun qarşıdakı onilliklərdə necə dəyişəcəyini indidən öyrənməli və qərarlarımızı buna uyğun formalaşdırmalıyıq.
Burada elmin rolu həlledicidir”.
dəqiqələr içində saytın olsun.