Menyu

ANAMA sədri: 300 565 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

Operativ Media
ANAMA sədri: 300 565 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ilkin qiymətləndirmələrə əsasən, 1 milyondan çox mina ilə çirkləndirildiyi bildirilir.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən panel sessiyada deyib.

Onun sözlərinə görə, Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Vüqar Süleymanov qeyd edib ki, minalar yalnız insanların təhlükəsizliyinə deyil, torpağa, su ehtiyatlarına, biomüxtəlifliyə və bütövlükdə ekosistemə də ciddi təsir göstərir.

“İqlim dəyişikliyi selə, quraqlığa, meşə yanğınlarına səbəb olur. Lakin insanların yaşamasına mane olan təkcə bunlar deyil. Müharibələrdən sonra çirklənən ərazilər də buna aiddir. Minalar təkcə torpaqları deyil, suları da çirkləndirir. Həmçinin minalar işğaldan azad edilmiş ərazilərdə yolların salınması, yaşayış məntəqələri və evlərin tikilməsini gecikdirir”, - deyə ANAMA sədri bildirib.

V.Süleymanovun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra ANAMA və humanitar minatəmizləmə fəaliyyətinə cəlb olunan digər qurumlar tərəfindən 300 565 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib. Bu müddətdə 261 705 ədəd mina və digər partlayıcı sursat zərərsizləşdirilib.

O bildirib ki, təmizlənən ərazilərdən 132 447 hektarı kənd təsərrüfatı, 71 202 hektarı yaşayış infrastrukturunun inkişafı, 12 443 hektarı energetika infrastrukturu, 8 447 hektarı isə meliorasiya və su təsərrüfatı layihələri üçün nəzərdə tutulub.

Bundan başqa, ekoloji qiymətləndirmə, meşə fondunun bərpası, çayətrafı ərazilərin və su hövzələrinin bərpası, geoloji kəşfiyyat işləri, faydalı qazıntı yataqlarının axtarışı və erkən xəbərdarlıq sistemlərinin quraşdırılması kimi layihələr üçün də ərazilər partlayıcı sursatlardan təmizlənib.

ANAMA sədri vurğulayıb ki, mina təhlükəsinin miqyası yalnız mina və partlayıcı qurğuların sayı ilə ölçülmür. Onun sözlərinə görə, yüksək səviyyədə çirklənmiş ərazilərin konservasiya edilərək çəpərlənməsi də təhlükəsizliyin təmin olunması baxımından vacib tədbirlərdəndir.

V.Süleymanov işğaldan azad edilmiş ərazilərə təhlükəsiz və dayanıqlı qayıdışın təmin edilməsi üçün minatəmizləmə prosesinin davam etdirildiyini bildirib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər