Xəyyam Məmmədov: Sel və daşqınların sayı son illərdə 10-15 dəfə artıb
Azərbaycanda sel və daşqın hadisələrinin sayı son illərdə əvvəlki dövrlə müqayisədə 10-15 dəfə artıb.
Operativ Media xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən panel sessiyada deyib.
Onun sözlərinə görə, iqlim dəyişmələri dünyada ekstremal hava hadisələrinin həm tezliyini, həm də intensivliyini artırır. Daha uzunmüddətli quraqlıqlar, güclü sel və daşqınlar, eləcə də intensiv yağıntılar kənd təsərrüfatına, şəhər infrastrukturuna və əhalinin rifahına ciddi təsir göstərir.
Xəyyam Məmmədov bildirib ki, Azərbaycan da iqlim dəyişmələrinin su ehtiyatlarına təsirlərinə həssas ölkələrdəndir. Transsərhəd çaylardan asılılıq, Xəzər dənizinin səviyyəsində dəyişikliklər, qar ehtiyatlarının azalması, buzlaqların kiçilməsi və yağıntı rejiminin dəyişməsi su ehtiyatlarının formalaşmasına əlavə təzyiq yaradır.
O qeyd edib ki, bu şəraitdə erkən xəbərdarlıq sistemlərinin inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda çaylarda su axınlarının qiymətləndirilməsi üçün hazırda 84 hidroloji məntəqə fəaliyyət göstərir. Onlardan 40-da avtomatlaşdırılmış ölçü cihazlarından, 44-də isə ənənəvi üsullardan istifadə olunur.
Agentlik rəsmisinin sözlərinə görə, qarşıdakı dövrdə müşahidə şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi, həmçinin daha çevik və dəqiq məlumat bazasının yaradılması nəzərdə tutulur. Bu, daşqın və quraqlıq risklərinin daha erkən müəyyənləşdirilməsinə imkan verə bilər.
Xəyyam Məmmədov süni intellektin də bu prosesdə mühüm rol oynaya biləcəyini bildirib. Onun sözlərinə görə, tarixi hidroloji məlumatların, meteoroloji müşahidələrin, peyk məlumatlarının, CİS xəritələrinin və iqlim ssenarilərinin süni intellekt vasitəsilə təhlili mümkün təhlükələri əvvəlcədən müəyyən etməyə kömək edə bilər.
O, həmçinin su ehtiyatları ilə bağlı risklərin dövlət sərhədləri ilə məhdudlaşmadığını vurğulayıb. Xəyyam Məmmədov çay hövzələrini və iqlim risklərini bölüşən ölkələr arasında məlumat mübadiləsinin və regional əməkdaşlığın gücləndirilməsinin vacib olduğunu qeyd edib.
dəqiqələr içində saytın olsun.