ANAMA sədri: Daşqın və sellər təmizlənmiş əraziləri yenidən minalarla çirkləndirir
Daşqınlar və sellər zamanı minalardan təmizlənmiş ərazilərin yenidən minalarla çirklənməsi halları müşahidə olunub.
Operativ Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən dəyirmi masadan sonra jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, iqlim dəyişikliklərinin təsiri minatəmizləmə fəaliyyətinə də mənfi təsir göstərir. Yağışlı havalarda təhlükəsizlik səbəbindən minatəmizləmə işlərinin aparılması mümkün olmur.
Vüqar Süleymanov bildirib ki, daşqın və sel hadisələri zamanı çay suları minaları daha aşağı ərazilərə daşıya bilir. Bu səbəbdən əvvəllər təmizlənmiş ərazilərdə yenidən mina təhlükəsi yarana bilər.
ANAMA sədri qeyd edib ki, qurum artıq daşqın və sellərdən sonra ərazilərdə əlavə təftişlər aparır.
Vüqar Süleymanovun sözlərinə görə, 2020-ci ilin noyabrından indiyədək Azərbaycanda 300 min hektardan çox ərazi mina və digər partlayıcı hərbi sursatlardan təmizlənib, 262 minə yaxın mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
dəqiqələr içində saytın olsun.