Azərbaycanda fermer reytinqi subsidiyaların verilməsində tətbiq olunacaq
Azərbaycanda fermer reytinqi bu ildən kənd təsərrüfatı subsidiyalarının verilməsi zamanı nəzərə alınacaq.
Operativ Media xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Harmoniya fəaliyyətdə: İqlimədavamlı kənd təsərrüfatı naminə tərəfdaşlıq” mövzusunda dəyirmi masadan sonra jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, fermer reytinqinin tətbiqi ötən ildən test rejimində həyata keçirilir və bu ildən subsidiyaların verilməsi prosesində istifadə olunacaq.
Məcnun Məmmədov bildirib ki, fermer reytinqi üç əsas meyar üzrə formalaşdırılır. Bunlara fermerin yetişdirdiyi məhsulun iqtisadi əhəmiyyəti, tətbiq etdiyi aqrotexniki tədbirlərin müasirliyi və iqlimə davamlı aqrar fəaliyyət daxildir.
Fermerlərin yekun balı “Elektron kənd təsərrüfatı” informasiya sistemində bəyan etdikləri məlumatlar əsasında müəyyənləşdiriləcək.
Nazir qeyd edib ki, fermer reytinqi ilk mərhələdə avans subsidiyalarının verilməsi zamanı nəzərə alınacaq. Yeni mexanizmə əsasən, 5–100 hektar əkin sahəsi olan, müəyyən edilmiş siyahıya daxil edilən yazlıq və payızlıq birillik bitkiləri becərən və fermer reytinqi 30-dan yüksək olan təsərrüfatlar əkin subsidiyasının 30 faizini avans şəklində ala biləcəklər.
Məcnun Məmmədovun sözlərinə görə, fermer reytinqində 30 və daha yuxarı bal toplayan fermerlərin göstəriciləri nəzərə alınacaq.
Avans subsidiyası üçün müraciət edən fermerlərin əkin sahələri EKTİS-də bəyan edilməli, sahələrin əkinə hazırlıq vəziyyətinin monitorinqində isə rəqəmsal və süni intellekt həllərindən istifadə olunacaq.
dəqiqələr içində saytın olsun.