Menyu

Fərid Məmmədov: Süni intellekt texnologiyadan daha çox insan kapitalı təşəbbüsüdür

Nərmin Qocamanlı
Fərid Məmmədov: Süni intellekt texnologiyadan daha çox insan kapitalı təşəbbüsüdür

Süni intellektə yalnız texnologiya təşəbbüsü kimi deyil, insan kapitalının və istedadların inkişafına xidmət edən vasitə kimi yanaşmaq lazımdır.

Operativ Media xəbər verir ki, bu sözləri “PASHA Holding” MMC-nin baş direktorunun müavini Fərid Məmmədov SABAH.city innovasiya şəhərciyində keçirilən “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində bildirib.

Fərid Məmmədov qeyd edib ki, texnologiya və insan kapitalını iki ayrı istiqamət kimi nəzərdən keçirmək düzgün deyil. Onun sözlərinə görə, süni intellekt texnologiya təşəbbüsündən daha çox istedad və insan kapitalı təşəbbüsü kimi qiymətləndirilməlidir.

“Texnologiya imkan yaradan vasitədir. İnsan və texnologiyanın birlikdə tətbiqi bizim məqsədlərimiz üçün daha böyük dəyər yarada bilər”, - deyə o bildirib.

O qeyd edib ki, hazırda biliklərə çıxış imkanları demək olar ki, məhdudiyyətsizdir. Lakin əsas məsələ həmin biliklərdən necə istifadə etmək, onları təhlil etmək və düzgün nəticələr çıxarmaqdır.

Fərid Məmmədovun sözlərinə görə, bunun üçün insan kapitalının inkişafına və insanların təliminə investisiyalar artırılmalıdır. Bu, ümumi istedad və bacarıq səviyyəsinin yüksəlməsinə imkan verə bilər.

“Biz təşkilatlarımızda çalışan insanların rutin və əlavə dəyər yaratmayan gündəlik işlərdən azad olaraq yeni və innovativ yanaşmalar üzərində işləməsini istəyirik. Süni intellekt və rəqəmsallaşma insanların rutin işlərdən azad olmasına və daha çox dəyər yaradan, daha yüksək mühakimə tələb edən fəaliyyətlərə fokuslanmasına xidmət etməlidir”, - deyə o vurğulayıb.

O bildirib ki, bundan sonrakı mərhələdə məhsuldarlığın artırılması, proseslərdə innovasiyaların tətbiqi, yeni biznes modellərinin və fəaliyyət kanallarının yaradılması mümkün olacaq.

“Bu, sehrli bir proses deyil. Məsələ birinin digərinə qarşı qoyulmasında deyil, onların birlikdə tətbiq edilməsindədir. İnsanlara biliklərə çıxış əldə etməyi və həmin biliklərdən istifadə etməyi öyrətmək lazımdır. Bu, təməldir”, - deyə Fərid Məmmədov qeyd edib.

Onun sözlərinə görə, innovasiya və məhsuldarlığın artırılması istiqamətində addımlar atılmadıqda yeni texnologiyaların tətbiqi yalnız xərclərin azaldılması və optimallaşdırma vasitəsinə çevrilə bilər.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər