Menyu

Təcili yardımın gecikməsi nə vaxt hüquqi məsuliyyət yaradır? – Vəkildən açıqlama

Ayşən Sadıxzadə
Təcili yardımın gecikməsi nə vaxt hüquqi məsuliyyət yaradır? – Vəkildən açıqlama

Təcili yardımın gecikməsi xəstənin həyatı və sağlamlığı üçün ciddi nəticələr yarada bilər. Bəs belə hallarda tibbi yardımın gecikməsinə görə hüquqi məsuliyyət hansı şərtlər daxilində yaranır?

Mövzu ilə bağlı vəkil Turan Abdullazadə Operativ Media-ya açıqlamasında bildirib ki, təcili yardımın gecikməsi özlüyündə avtomatik olaraq cinayət məsuliyyəti yaratmır. Azərbaycan qanunvericiliyində məsuliyyətin yaranması üçün üç şərtin birlikdə mövcud olması tələb olunur.

Onun sözlərinə görə, ilk növbədə tibbi yardım göstərmək vəzifəsi olmalıdır. İkincisi, bu vəzifə üzrlü səbəb olmadan yerinə yetirilməməli və ya laqeyd şəkildə yerinə yetirilməlidir. Üçüncü əsas şərt isə həmin hərəkətsizlik və ya laqeydliklə xəstənin sağlamlığına dəyən zərər, yaxud ölüm arasında səbəbli əlaqənin olmasıdır.

Turan Abdullazadə qeyd edib ki, yardım göstərmək vəzifəsinin hüquqi əsası “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda təsbit olunub. Qanunun 33-cü maddəsinə əsasən, vətəndaşlara təcili və təxirəsalınmaz tibbi yardım təcili tibbi müdaxilə tələb edən hallarda – bədbəxt hadisələr, travmalar, zəhərlənmələr və digər xəstəliklər zamanı – mülkiyyət formasından asılı olmayaraq təcili yardım tibb müəssisələri, eləcə də qanunvericilikdə müəyyən edilmiş qaydada ilkin tibbi yardım göstərməyə borclu olan şəxslər tərəfindən həyata keçirilir.

Vəkilin sözlərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, qanuna və ya xüsusi qaydalara uyğun olaraq şəxsə kömək etməyə borclu olan tibb işçisinin üzrlü səbəblər olmadan tibbi yardım göstərməməsi, yaxud tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti yarana bilər.

Belə halda iki ilədək müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək azadlığın məhdudlaşdırılması və ya bir ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Turan Abdullazadə bildirib ki, İnzibati Xətalar Məcəlləsinə də bununla bağlı 215.5-ci maddə əlavə olunub. Həmin maddəyə əsasən, tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində peşə vəzifəsini yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda fiziki şəxslər 500–800 manat, vəzifəli şəxslər 1000–1500 manat, hüquqi şəxslər isə 7000–9000 manat məbləğində cərimə edilə bilər.

Vəkil “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 57-ci maddəsinə də diqqət çəkib. Onun sözlərinə görə, həmin maddəyə əsasən, vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini intizam, inzibati və ya cinayət məsuliyyətindən azad etmir.

Turan Abdullazadə qeyd edib ki, icbari tibbi sığorta sistemində sığortaolunanın da birbaşa hüquqları mövcuddur. “Tibbi sığorta haqqında” Qanunun 15-4.1.5-ci maddəsi tibb müəssisəsinin təqsiri üzündən dəymiş zərərin əvəzinin həmin müəssisədən ödənilməsini tələb etmək hüququnu nəzərdə tutur. Həmin qanunun 15-4.1.6-cı maddəsinə əsasən isə sığortaolunan hüquqlarının müdafiəsi üçün müvafiq quruma və ya məhkəməyə müraciət edə bilər.

Vəkilin sözlərinə görə, ümumiyyətlə, təcili tibbi yardım xidmətinə daxil olan hər bir çağırış operativ qəbul edilməli və çağırışın xarakterindən, xəstənin vəziyyətindən və həyati risk dərəcəsindən asılı olaraq müvafiq prioritet müəyyənləşdirilməlidir. Prioritetləşdirmənin əsas məqsədi həyati təhlükəsi olan və təxirəsalınmaz müdaxilə tələb edən xəstələrə mümkün qədər qısa müddətdə yardım göstərilməsidir.

O bildirib ki, briqadanın ünvana çatma müddətinə eyni vaxtda daxil olan çağırışların sayı, ərazidəki briqadaların məşğulluq vəziyyəti, yol-nəqliyyat sıxlığı, hava şəraiti və ünvanın dəqiq müəyyənləşdirilməsi kimi operativ amillər təsir göstərə bilər. Məhz bu amillər hüquqi baxımdan “üzrlü səbəb” qiymətləndirilməsinin predmetidir.

Turan Abdullazadə vurğulayıb ki, obyektiv yüklənmə üzündən yaranan gecikmə ilə dispetçerin çağırışı səhv kateqoriyaya salması və ya briqadanın laqeydliyi eyni hal deyil. Onun sözlərinə görə, birinci hal adətən təqsir yaratmır, ikinci hal isə Cinayət Məcəlləsinin 142.1-ci maddəsinin əhatə dairəsinə düşə bilər.

Vəkil mediada tez-tez səslənən “çatış müddəti maksimum 20 dəqiqədir” ifadəsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, bu ifadə normativ hüquqi norma deyil, xidmət göstəricisi kimi təqdim oluna bilər. Konkret işdə müddətin “həddən artıq” olub-olmaması isə ekspertiza və məhkəmə qiymətləndirməsi ilə müəyyən edilə bilər.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər