27 Sentyabr – Böyük Zəfərin başlanğıcı - RƏY
27 sentyabr tarixi Azərbaycan xalqının taleyində yalnız bir təqvim günü kimi deyil, milli qürur, sarsılmaz iradə və Böyük Zəfərin başlanğıc nöqtəsi kimi həkk olundu. Bu yol zəfərə doğru aparan yol idi.
Bu tarix 30 illik torpaq həsrətinə, ədalətsizliyə və məğlubiyyət psixologiyasına son qoyan şanlı bir yolun, zəfərə doğru atılan ilk tarixi gündür. Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatının başlanması, əslində, bir millətin ayağa qalxışı, 30 illik həstrətlə barışmazlığı idi. Həmin gün cəbhədən gələn ilk xəbərlər xalqımızın qəlbində böyük bir ümid çırağı yandırdı.
Hər kəs hiss edirdi ki, bu dəfə hər şey fərqli olacaq. Çünki bu, sadəcə növbəti bir döyüş deyil, tarixin yenidən yazıldığı o ilk anlar idi. Bu tarixi gün rəşadətli Azərbaycan Ordusunun, canını Vətənə sipər edən qəhrəman əsgər və zabitlərimizin qanı baha başa gəldi. Sentyabrın 27-də yazılan o ilk tarix sonradan Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azadlığına, Müzəffər ordumuzun sıldırım qayaları aşaraq Şuşaya varmasına, xalq-ordu-rəhbər birliyinin “Dəmir yumruq” kimi birləşməsinə yol açdı. Anım Gününün təsis edilməsi mühüm tarixi əhəmiyyətə malikdir. Azərbaycan xalqı otuz ilə yaxın müddətdə öz doğma torpaqlarının işğal altında olması ilə barışmadı. Eyni zamanda münaqişənin beynəlxalq hüquq çərçivəsində, sülh danışıqları yolu ilə həllinə çalışdı.
Ermənistanın hərbi təxribatları və danışıqlar prosesini pozması, üstəlik yeni ərazilər ələ keçirməklə bağlı əsassız bəyanatları nəticəsində müharibə qaçılmaz oldu. 2020-ci il sentyabrın 27-də başlayan bu müharibə noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla, Azərbaycanın qələbəsi ilə başa çatdı. Anım Günü ilə bağlı önəmli məqamlardan biri də odur ki, bu tarix yalnız Vətən müharibəsinin şəhidlərini deyil, həm də Birinci Qarabağ müharibəsində, 1990-cı illərdə canından keçmiş bütün qəhrəmanları əhatə edir. Bu böyük zəfərin arxasında onilliklər ərzində davam edən mürəkkəb tarixi və siyasi proses və gərgin diplomatik fəaliyyət dayanırdı. Azərbaycan torpaqlarının işğalı ilə nəticələnmiş Birinci Qarabağ müharibəsi, yüz minlərlə soydaşımızın doğma yurdlarını tərk etmək məcburiyyətində qalması, yaşayış məntəqələrinin və Qarabağın mədəni irs nümunələrinin dağıdılması, dinc əhaliyə qarşı törədilən ağır cinayətlər, terror aktları xalqımızın yaddaşında dərin iz buraxıb.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Qarabağ ərazisi uzun illər işğal altında saxlanılıb. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və əhalinin öz yerlərinə qayıtması tələb edilsə də, uzun illər ərzində bu qətnamələrin icrası təmin olunmadı və Ermənistana bunun üçün heç bir təzyiq mexanizmindən istifadə edilmədi. Nəticədə münaqişənin həlli daha da uzandı və regionda davamlı sülhün formalaşmasının qarşısı alındı.
ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların uzun illər davam etməsinə baxmayaraq, real nəticəsi əldə olunmadı. Nəticədə işğal faktı aradan qaldırılmadı, yüz minlərlə məcburi köçkünün öz doğma yurdlarına qayıtmaq hüququ təmin edilmədi. Azərbaycan xalqının səbir və dözümü də sonsuz deyildi. 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən hadisələr Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi. Ermənistanın hərbi-siyasi rəhbərliyinin təxribatçı addımları və yeni ərazilərin işğalı ilə bağlı səsləndirdiyi iddialar isə vəziyyəti daha da gərginləşdirirdi. 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində mühüm dönüş nöqtəsi oldu, Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Hadrut qəsəbəsi, strateji yüksəkliklər və ən əsası, Şuşa şəhəri azad edildi. Şuşanın azad olunması müharibənin hərbi-siyasi baxımdan taleyini həll etdi.
Müharibə dövründə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət Azərbaycan Ordusunun döyüş meydanındakı uğurlarını siyasi müstəvidə də möhkəmləndirdi. Prezident İlham Əliyevin xarici mətbuat nümayəndələrinə verdiyi müsahibələr və eyni zamanda xalqımızın informasiya müharibəsində fəal iştirakı Azərbaycanın qələbəsini təmin etdi. Dövlət başçısının qətiyyətli mövqeyi xalqımızda qələbəyə inamı daha da gücləndirdi. Azərbaycan xalqı həmin günlərdə dövlət başçısının ətrafında sıx birləşərək milli həmrəyliyin və xalq-ordu birliyinin ən parlaq nümunəsini ortaya qoydu. Bu birlik Vətən müharibəsinin gedişində Azərbaycanın gücünü artıran mühüm amillərdən biri oldu.
Azərbaycan əsgərinin qəhrəmanlığı, şəhidlərimizin fədakarlığı, qazilərimizin şücaəti və xalqımızın həmrəyliyi bu qələbənin əsasını təşkil etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatlarından sonra Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin təmin olunması isə Zəfər yolunun mühüm nəticələrindən biri oldu. Beləliklə, xalqımızın uzun illər ərzində arzuladığı ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası təmin edildi.

Samirə İmanova, Azərbaycan Dillər Universiteti,
Beynəlxalq Münasibətlər kafedrasının dosenti,
Vedi Rayon İcması Qadınlarla iş üzrə məsul şəxs
dəqiqələr içində saytın olsun.