Menyu

Deputat: Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir

Operativ Media
Deputat:  Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir
5 dəq oxu

1993-cü il Azərbaycanın müasir dövlətçilik tarixində dönüş nöqtəsi olmaqla yanaşı, müstəqilliyimizin real məzmun qazanması baxımından həlledici mərhələnin başlanğıcıdır. 3 oktyabr 1993-cü ildə Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin qarşısında duran əsas vəzifə – müstəqil dövlətçiliyin qorunması, siyasi sabitliyin təmin edilməsi, iqtisadi potensialın səfərbər olunması və milli maraqlara əsaslanan xarici siyasət kursunun formalaşdırılması istiqamətində fundamental proses başladı.

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib.

Onun sözlərinə görə, Heydər Əliyevin hakimiyyətə qayıdışı dövründə Azərbaycan ciddi siyasi və iqtisadi böhran, dövlət idarəçiliyinin zəifləməsi, separatizm və vətəndaş qarşıdurması təhlükəsi ilə üz-üzə idi. Bu mürəkkəb şəraitdə ilk növbədə dövlət hakimiyyətinin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin bərpası və qanunun aliliyinin təmin olunması istiqamətində ardıcıl addımlar atıldı. Beləliklə, müstəqilliyin yalnız formal hüquqi status deyil, real dövlətçilik imkanlarına söykənən siyasi reallığa çevrilməsi üçün zəruri zəmin yaradıldı.

O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin mühüm xüsusiyyətlərindən biri də siyasi suverenliklə iqtisadi suverenliyin bir-birindən ayrılmaz olması idi. Güclü iqtisadiyyat olmadan güclü dövlət qurmaq, iqtisadi müstəqillik olmadan isə xarici siyasətdə müstəqil qərarlar qəbul etmək mümkün deyil. Bu baxımdan neft strategiyasının formalaşdırılması, xarici investisiyaların cəlb edilməsi, enerji resurslarının dünya bazarlarına çıxarılması və Azərbaycanın beynəlxalq nəqliyyat-kommunikasiya layihələrinə inteqrasiyası uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsinə çevrildi:

"Bu siyasətin mühüm nəticələrindən biri Azərbaycanın beynəlxalq sistemdə özünəməxsus mövqeyinin formalaşması oldu. Ulu Öndər Heydər Əliyev Azərbaycanın geosiyasi reallıqlarını nəzərə alan, milli maraqları əsas götürən və müxtəlif güc mərkəzləri ilə qarşılıqlı faydalı əməkdaşlığa söykənən balanslaşdırılmış xarici siyasət kursunun əsasını qoydu".

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev sonrakı illərdə bu siyasi kursun mahiyyətini dəfələrlə ifadə edərək qeyd edib ki, Azərbaycanın müstəqil siyasət yürütməsinin başlıca dayaqlarından biri ölkənin güclü iqtisadi və maliyyə imkanlarıdır:

"Bu yanaşma artıq yalnız siyasi konsepsiya deyil, Azərbaycanın son iki onillikdə keçdiyi inkişaf yolunun praktik nəticələri ilə təsdiqlənən dövlətçilik modelidir. Bakıda keçirilən İkinci İnvestisiya Forumunda vurğulandığı kimi, bu gün Azərbaycana qoyulan sərmayələrin dəyəri 350 milyard ABŞ dollardan çoxdur, strateji milli valyuta ehtiyatlarımız isə 91 milyard ABŞ dollarına yaxındır".

R. Nəbiyev bildirib ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultaylarında və digər çıxışlarında dəfələrlə vurğuladığı kimi, Heydər Əliyev siyasi kursunun davam etdirilməsi Azərbaycanın qarşısında duran strateji məqsədlərin həyata keçirilməsinin əsas şərtlərindən biridir. Burada söhbət yalnız siyasi ənənənin davam etdirilməsindən getmir. Hədəf milli maraqların prioritetliyi, dövlət suverenliyinin qorunması, güclü iqtisadiyyatın yaradılması, milli təhlükəsizliyin təmin edilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin ardıcıl şəkildə möhkəmləndirilməsindən ibarət bütöv dövlətçilik fəlsəfəsindən gedir.

Suverenliyimizin möhkəmləndirilməsində yeni mərhələ

Deputatın sözlərinə görə, Azərbaycanın müasir inkişaf mərhələsində siyasi suverenlik anlayışı daha geniş məzmun kəsb edir. Ərazi bütövlüyünün və suverenliyin bərpası ilə yanaşı, ölkənin öz milli maraqlarına uyğun qərarlar qəbul etmək, iqtisadi və enerji siyasətini müstəqil müəyyənləşdirmək, regional və qlobal proseslərdə fəal iştirak etmək imkanları da bu anlayışın mühüm elementləridir.

Prezident İlham Əliyevin müxtəlif beynəlxalq platformalarda çıxışlarında Azərbaycanın “müstəqil siyasət yürüdən dövlət” kimi təqdim edilməsi məhz bu reallığa əsaslanır. Azərbaycanın enerji, nəqliyyat, logistika və regional təhlükəsizlik sahələrində artan rolu ölkənin iqtisadi potensialının siyasi təsir imkanlarına çevrilməsinin nümunəsidir.

Bu baxımdan Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu enerji strategiyası yalnız iqtisadi layihə kimi deyil, Azərbaycanın gələcək siyasi və strateji imkanlarını müəyyənləşdirən uzunmüddətli dövlətçilik layihəsi kimi qiymətləndirilir. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və sonrakı mərhələdə Orta Dəhliz kimi layihələr Azərbaycanın geoiqtisadi əhəmiyyətini əhəmiyyətli dərəcədə artırıb.


Azərbaycan həqiqətlərinin təbliği və milli maraqların müdafiəsinə hədəflənən fəaliyyətlər

"Ulu Öndər Heydər Əliyev dövrünün xarici siyasətinin digər mühüm istiqaməti Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranmış vəziyyətin beynəlxalq ictimaiyyətə çatdırılması və Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüququn fundamental prinsipləri əsasında bərpası idi.

Bu istiqamətdə formalaşdırılan diplomatik və siyasi xətt sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən daha da sistemli şəkildə davam etdirildi. Nəticədə Azərbaycan məsələni yalnız ikitərəfli müstəvidə deyil, beynəlxalq təşkilatlarda, müxtəlif siyasi və diplomatik platformalarda ardıcıl şəkildə gündəmdə saxladı.

2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpası və 2023-cü ildə suverenliyin tam təmin edilməsi bu uzunmüddətli dövlət siyasətinin mühüm nəticələrindən biri kimi qəbul olunur. Prezident İlham Əliyevin çıxışlarında da vurğulandığı kimi, bu proses Azərbaycan dövlətçiliyinin siyasi, diplomatik, iqtisadi və hərbi potensialının kompleks şəkildə güclənməsi ilə bağlı idi.

Heydər Əliyev fenomeni və dövlətçilik məktəbi

Heydər Əliyev fenomenini yalnız fərdi siyasi liderlik xüsusiyyətləri ilə izah etmək kifayət deyil. Onun siyasi irsinin əsas xüsusiyyəti dövlətçilik düşüncəsi, strateji baxış, milli maraqların prioritetliyi və uzunmüddətli nəticələri nəzərə alan qərarvermə modelidir.

Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində mürəkkəb geosiyasi şəraitdə imkanları düzgün qiymətləndirmək, müxtəlif güc mərkəzləri arasında Azərbaycanın maraqlarını qorumaq və mövcud resursları dövlətin gücləndirilməsinə yönəltmək xüsusi yer tuturdu. Məhz buna görə onun siyasi irsi müasir Azərbaycanın dövlətçilik modelinin ən mühüm komponentlərindən biri olaraq qalır.

Prezident İlham Əliyevin müxtəlif platformlarındakı çıxışlarında Heydər Əliyev siyasi kursuna istinad etməsi də bu davamlılığın siyasi ifadəsidir. Bu yanaşmada əsas xətt dəyişməz olaraq qalır: güclü dövlət, güclü iqtisadiyyat, milli maraqlara əsaslanan müstəqil siyasət və dövlət suverenliyinin təmin edilməsi.

Bu gün Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəmləndirilməsi prosesinə məhz bu tarixi davamlılıq kontekstində yanaşmaq lazımdır. 1993-cü ildə dövlətçiliyin qorunması ilə başlayan proses sonrakı mərhələlərdə iqtisadi gücün yaradılması, beynəlxalq mövqelərin möhkəmləndirilməsi, ərazi bütövlüyünün və suverenliyin bərpası ilə yeni məzmun qazanıb.

Beləliklə, 1993-cü il Azərbaycanın milli qurtuluş mərhələsinin başlanğıcı idisə, bu gün həmin dövlətçilik xətti Azərbaycanın regional və beynəlxalq miqyasda daha güclü, daha müstəqil və daha təsirli dövlət kimi mövqeyinin möhkəmləndirilməsi mərhələsində davam edir", - deyə R.Nəbiyev qeyd edib.

Prezident İlham Əliyev: Heydər Əliyev siyasi kursunun davamı və suverenliyin möhkəmləndirilməsi

O vurğulayıb ki, Prezident İlham Əliyevin siyasi fəaliyyətinin əsas istiqamətlərindən biri Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının yeni tarixi şəraitə uyğun şəkildə davam etdirilməsi olub. Prezident dəfələrlə vurğulayıb ki, siyasi müstəqilliyin əsas dayaqlarından biri iqtisadi müstəqillikdir. Bu yanaşma son iki onillikdə Azərbaycanın iqtisadi potensialının gücləndirilməsi, enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və ölkənin regional iqtisadi mövqeyinin möhkəmləndirilməsi siyasətində özünü göstərib.

"İlham Əliyevin siyasi kursunun mühüm xətti ondan ibarətdir ki, güclü iqtisadiyyat, güclü ordu və müstəqil xarici siyasət bir-birini tamamlayan dövlətçilik amilləridir. Xüsusilə VII qurultaydakı çıxışında Prezident Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsini, milli maraqlara əsaslanan siyasətin davam etdirilməsini və qarşıya qoyulan strateji məqsədlərin mərhələli şəkildə reallaşdırılmasını önə çəkmişdi.

Prezident bildirmişdi ki, bundan sonra da vəzifələr sırasında xarici siyasətimizin müdafiəyönümlü yox, həm aktiv, daha çox fəalyönümlü olması lazımdır.

Prezident İlham Əliyevin xarici siyasətində də Heydər Əliyevin müəyyən etdiyi milli maraqlara əsaslanan, balanslaşdırılmış və müstəqil siyasət xətti davam etdirilir. Azərbaycanın enerji, nəqliyyat, logistika və regional əməkdaşlıq layihələrində fəal iştirakı onun geoiqtisadi əhəmiyyətini artırmaqla yanaşı, siyasi müstəqillik üçün əlavə imkanlar yaradıb.

Bu baxımdan Heydər Əliyev və İlham Əliyevin dövlətçilik siyasəti arasında əsas davamlılıq müstəqilliyin yalnız qorunması deyil, onun siyasi, iqtisadi, hərbi və beynəlxalq imkanlarının ardıcıl şəkildə genişləndirilməsidir. 1990-cı illərdə dövlətçiliyin qorunması və möhkəmləndirilməsi ilə başlayan proses bu gün Azərbaycanın güclü, öz milli maraqlarını müstəqil şəkildə müdafiə edən və regional proseslərdə fəal rol oynayan dövlət kimi mövqeyinin möhkəmləndirilməsi mərhələsində davam edir", -deyə deputat bildirib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər