Menyu

Osman Gündüz: Hicab mövzusu ətrafında mümkün xarici təsirlər araşdırılmalıdır

Operativ Media
Osman Gündüz: Hicab mövzusu ətrafında mümkün xarici təsirlər araşdırılmalıdır
1 dəq oxu

Məktəblərdə hicab məsələsi ilə bağlı sosial mediada ictimai müzakirələrlə yanaşı, kampaniyaçılıq əlamətləri də müşahidə olunur.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz sosial media hesabında bildirib.

O qeyd edib ki, ictimai müzakirələr faydalı olsa da, kampaniyaçılıq əlamətləri xüsusi diqqət və araşdırma tələb edir.

Osman Gündüz nümunə olaraq “Instagram”da yenicə yaradılmış “mahed.azeri” hesabını göstərib. Onun sözlərinə görə, hesab məktəblərdə hicab mövzusu ilə bağlı paylaşımlarda “Add Yours” mexanizmindən istifadə edir.

O bildirib ki, həmin mexanizm bir paylaşım ətrafında zəncirvari kampaniya yaratmağa, istifadəçilərin eyni çağırışa qoşulmasına və məzmunun geniş yayılmasına imkan verir.

O.Gündüzün diqqət çəkdiyi digər məqam hesabın yerləşdiyi ölkənin Türkiyə kimi göstərilməsi və iyun ayında yaradılmasıdır. Onun sözlərinə görə, hesabın paylaşımlarında dini-ideoloji istiqamətli məzmunlar da diqqət çəkir.

“Görünən odur ki, Azərbaycandakı həssas bir məsələ ətrafında xaricdə yerləşən hesab vasitəsilə istifadəçilərin səfərbər edilməsinə yönəlmiş, xüsusi sürətli yayılma imkanlarından istifadəyə əsaslanan fəaliyyət də var”, – deyə o bildirib.

Osman Gündüz qeyd edib ki, sadalanan faktlar kampaniyanın xarici mərkəzdən idarə olunduğunu sübut etmir. Bununla belə, o, belə fəaliyyətin mümkün koordinasiyasının və xarici ideoloji əlaqələrinin araşdırılmasının vacibliyini vurğulayıb.

“Vətəndaşların səmimi etirazları və dini etiqad azadlığı ilə bağlı müzakirələri, normal polemikalar güclü cəmiyyət üçün çox faydalıdır. Amma bu həssas mövzunun xarici təsir kampaniyasına çevrilməsi isə tamam başqa məsələdir”, – deyə O.Gündüz əlavə edib.

O, cəmiyyətin və hökumətin məsələyə diqqətlə yanaşacağına ümid etdiyini bildirib.


Əlaqəli Xəbərlər