Bəhruz Məhərrəmov: İdeoloji təxribatlara qarşı əsas vasitə təhsil və savaddır
Dövlət məktəblərində vahid geyim qaydaları yalnız nizam-intizam məsələsi deyil, həm də dünyəvi təhsilin qorunması, sosial həmrəyliyin möhkəmləndirilməsi və milli-ideoloji təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyət daşıyır.
Operativ Media xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov bildirib.
Onun sözlərinə görə, müasir dövrdə informasiya texnologiyalarının və süni intellektin sürətli inkişafı dövlətlərin təhlükəsizliyi qarşısında yeni çağırışlar yaradır. Belə şəraitdə ideoloji təxribatlara qarşı ən mühüm vasitələrdən biri yüksək təhsil, savad və vətənpərvərlik hissidir.
Deputat qeyd edib ki, bəzi xarici mərkəzlər media resursları vasitəsilə uşaqlara və gənclərə dini-ideoloji təsir göstərməyə çalışır. Onun fikrincə, dini amildən istifadə edərək dünyəvi təhsil prinsiplərinə qarşı təbliğat aparılması milli birliyə və Azərbaycanın müstəqil inkişaf xəttinə təsir göstərmək məqsədi daşıyır.
B.Məhərrəmov vurğulayıb ki, Azərbaycan Konstitusiyasına əsasən, dövlət dünyəvi xarakter daşıyır və təhsil sistemi də bu prinsip əsasında fəaliyyət göstərir. O bildirib ki, dünyəvi təhsilin məqsədi uşaqların dini kimliyini məhdudlaşdırmaq deyil, onları kənar ideoloji təzyiqlərdən qorumaq, sərbəst və elmi düşüncə tərzini formalaşdırmaqdır.
Deputatın sözlərinə görə, uşaqların dini simvollardan istifadəyə cəlb edilməsi yetkin şəxslərin sərbəst dini seçimləri ilə eyni şəkildə qiymətləndirilməməlidir. Bu məsələdə uşaqların seçim azadlığı, valideynlərin dini tərbiyə hüququ və dünyəvi dövlət prinsipləri arasında tarazlıq qorunmalıdır.
B.Məhərrəmov bildirib ki, məktəblərdə geyim qaydaları qanunvericiliyin tələblərinə uyğun olaraq tətbiq edilir. Onun fikrincə, vahid məktəbli forması şagirdlər arasında sosial-iqtisadi fərqləri və ayrı-seçkilik risklərini azaltmağa, diqqətin tədris prosesinə yönəlməsinə kömək edir. Müəllimlər üçün nəzərdə tutulan işgüzar geyim tələbləri isə məktəbdə peşəkar mühitin formalaşmasına və pedaqoji nüfuzun qorunmasına xidmət edir.
Deputat əlavə edib ki, məktəblərdə dünyəvilik prinsipinin və vahid geyim qaydalarının tətbiqi dini inanclara qarşı yönəlməyib. O, Azərbaycanın İslam dininə və milli-mənəvi dəyərlərə hörmətlə yanaşdığını, məscidlərin bərpası, dini konfessiyalara dəstək və beynəlxalq dini tədbirlərin keçirilməsini bunun nümunələri kimi göstərib.
B.Məhərrəmovun fikrincə, təhsil müəssisələrində nizam-intizamın və dünyəviliyin qorunması milli təhlükəsizliyin, cəmiyyətin sağlam gələcəyinin və ideoloji dayanıqlılığın vacib şərtlərindəndir.