Astara yolunda mikroavtobus aşıb, xəsarət alanlar var
Bu gün, saat 09:45 radələrində Astara rayonunun Deqədi kəndi ərazisində mikroavtobusun aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Operativ Media xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.
Belə ki, Telman Xudaquliyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobus Deqədi-Kijəbə-Astara marşrutu üzrə hərəkətdə olarkən, təkərin partlaması nəticəsində idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində mikroavtobusda olan 14 sərnişindən 2-si – Əsmət İbayeva və Elşən Həkimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəblərdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini nəzərə alaraq, bir daha sürücüləri, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxsləri nəqliyyat vasitələrinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə, reysqabağı texniki müayinədən keçməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən avtomobillə yola çıxmaqdan çəkinməyə çağırır.