Tural Gəncəliyev: Cənubi Qafqazı sülh məkanına çevirən əsas memar Azərbaycan dövlətidir
Qlobal qarşıdurmaların artdığı bir dövrdə Cənubi Qafqazı sülh məkanı kimi xarakterizə etmək olar.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Tural Gəncəliyev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, Cənubi Qafqazın konfrontasiya məkanından əməkdaşlıq məkanına çevrilməsinin əsas memarı Prezident İlham Əliyev və Azərbaycan dövlətidir.
Onun sözlərinə görə, regionda son dövrlərdə baş verən müsbət proseslər, xüsusilə Zəngəzur TRIPP marşrutunun açılması istiqamətində atılan addımlar mühüm əhəmiyyət daşıyır.
Tural Gəncəliyev qeyd edib ki, 2020-ci ilə qədər Zəngəzur dəhlizi ilə bağlı müzakirələr aparılmırdı və bu məsələnin gündəmə gəlməsi Azərbaycanın qələbəsindən sonra mümkün olub.
Deputat vurğulayıb ki, Çindən Avropaya qədər uzanacaq böyük nəqliyyat layihəsinin əsas hissələrindən biri olan Zəngəzur dəhlizinin açılması regional və qlobal baxımdan əhəmiyyətlidir.
O, Azərbaycanın sülh gündəliyinin formalaşmasında oynadığı rola da diqqət çəkib. Gəncəliyev bildirib ki, Vaşinqtonda paraflanmış sülh müqaviləsi layihəsindən sonra regionda baş verən proseslər, Azərbaycanın Ermənistana məhsulların tranziti ilə bağlı məhdudiyyətləri aradan qaldırması və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında görüşlərin keçirilməsi Azərbaycanın sülhə sadiqliyini təsdiqləyir.
Deputat Ermənistanın yeni konstitusiya layihəsinin təqdim edilməsini də müsbət məqam kimi qiymətləndirib. O bildirib ki, layihədə Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması sülh müqaviləsinin imzalanması və regionda sülhün bərqərar olması baxımından mühüm addım ola bilər.
Tural Gəncəliyev Ermənistanın münaqişə mirasından azad olmasının vacibliyini vurğulayaraq, bu prosesi İkinci Dünya müharibəsindən sonra Almaniyanın faşist keçmişindən qurtulması ilə müqayisə edib. O, Almaniyanın transformasiyasında ölkənin ilk kansleri Konrad Adenauerin rolunu xatırladıb.
Deputatın fikrincə, Ermənistanın münaqişə mirasından azad olması və konstitusiyasında müvafiq dəyişikliklərin edilməsi regionda sülhün daha sürətli bərqərar olmasına şərait yaradacaq.