Menyu

Bəhruz Məhərrəmov: Azərbaycanın irəli sürdüyü sülh şərtləri regionda reallığa çevrilir

Operativ Media
Bəhruz Məhərrəmov: Azərbaycanın irəli sürdüyü sülh şərtləri regionda reallığa çevrilir
2 dəq oxu

Ermənistanda yeni Konstitusiya layihəsinin dərc olunması, Zəngəzur dəhlizi layihəsinin icrasında irəliləyiş və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında təmaslar Azərbaycanın irəli sürdüyü sülh şərtlərinin regionda reallığa çevrildiyini göstərir.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Bəhruz Məhərrəmov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan de-fakto sülh və etimad quruculuğu mexanizmləri effektivliyini nümayiş etdirir.

Onun sözlərinə görə, Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar Azərbaycanın regionda həlledici güc mərkəzi və sülhün əsas memarı kimi mövqeyini təsdiqləyir. Bəhruz Məhərrəmov qeyd edib ki, Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində hərbi-siyasi müstəvidə bərpa edilən ərazi bütövlüyü dayanıqlı sülh və regional inteqrasiya gündəliyi ilə möhkəmləndirilir.

Deputat son günlər Fransa və Avropa Parlamentindən səslənən mövqeləri də tənqid edib. O bildirib ki, regionda sülh və etimad quruculuğu prosesini pozmağa çalışan dairələr hələ də aktivdir. Ermənistanda revanşist qüvvələrin konstitusiya islahatlarına qarşı radikal davranışlarını, Azərbaycanda isə məhkəmə qarşısına çıxarılan şəxslərin prosesləri siyasi şouya çevirmək cəhdlərini bu kontekstdə qiymətləndirib.

Bəhruz Məhərrəmov vurğulayıb ki, Azərbaycan vətəndaşları beynəlxalq qurumların yanaşmalarına münasibətdə ayıq olmalıdırlar. Onun fikrincə, 30 il ərzində bir milyon insanın fundamental hüquqlarının pozulmasına diqqət yetirməyən beynəlxalq qurumların bu gün ayrı-ayrı məhkəmə proseslərinə fokuslanması insan hüquqlarına səmimi münasibət sayıla bilməz.

Deputat Azərbaycanda separatçıların və ağır cinayətlərdə ittiham olunan şəxslərin məhkəmə proseslərinin beynəlxalq media platformalarına daşınması cəhdlərini də tənqid edib. O, xaricdə fəaliyyət göstərən bəzi siyasi mühacirlərə beynəlxalq tribunalar verilməsini Azərbaycanın beynəlxalq imicini hədəfə alan və regionda əməkdaşlıq mühitini pozmağa yönəlmiş planlı fəaliyyət kimi xarakterizə edib.

Bəhruz Məhərrəmov bəzi qurumların daxili yazışmalarının və məxfi məlumatlarının Avropadakı antiazərbaycan dairələrinin və media şəbəkələrinin əlinə keçməsi ilə bağlı narahatlığını da ifadə edib. O bildirib ki, belə hallar yalnız qanun pozuntusu, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya səhlənkarlıq kimi qiymətləndirilməməli, milli təhlükəsizlik və dövlət idarəçiliyinin hüquqi-institusional bütövlüyü baxımından ciddi araşdırılmalıdır.

Deputat qeyd edib ki, məlumatların ötürülməsinin səbəbləri, bunun fərdi ambisiyalar, idarələrarası rəqabət, korporativ maraqlar və ya siyasi sifarişlərlə bağlı olub-olmaması araşdırılmalıdır.

O əlavə edib ki, bütün bu cəhdlər Azərbaycanın yaratdığı yeni reallıqlara təsir göstərə bilməz. Bəhruz Məhərrəmovun sözlərinə görə, Azərbaycan postmünaqişə dövrünün reallıqlarını müəyyən edən, regionda sabitliyin qarantı və qlobal təhlükəsizlik dialoqunun aparıcı aktoru kimi mövqeyini gücləndirir, Avrasiyanın enerji, nəqliyyat və təhlükəsizlik arxitekturasında əvəzolunmaz tərəfdaş statusunu möhkəmləndirir.

Əlaqəli Xəbərlər