Menyu

Deputat: Avropa üçün Azərbaycanla əməkdaşlıq strateji əhəmiyyət daşıyır

Operativ Media
Deputat: Avropa üçün Azərbaycanla əməkdaşlıq strateji əhəmiyyət daşıyır
2 dəq oxu

Son həftələr Avropa ölkələrinin yüksək rütbəli nümayəndələrinin Azərbaycana intensiv səfərləri ölkəmizin uğurlu xarici siyasətinin nəticəsidir.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elman Nəsirov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, Avropa rəsmilərinin Azərbaycana səfərləri təsadüfi diplomatik fəallıq deyil və bunun arxasında ciddi strateji maraqlar dayanır.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət Azərbaycana ciddi dividendlər gətirir və bu proses davamlı xarakter alır.

Elman Nəsirov son dövrlərdə Azərbaycana səfər edən Avropa rəsmilərinin coğrafiyasına diqqət çəkib. O bildirib ki, noyabrın 17-də Almaniyanın xarici işlər naziri, daha sonra İtaliyanın baş naziri və xarici işlər naziri, Monteneqronun baş naziri, Gürcüstanın xarici işlər naziri Azərbaycana səfər edib. Litva və Estoniyanın xarici işlər nazirlərinin də bu günlərdə ölkəmizə gələcəyini qeyd edən deputat oktyabrın 26-da Niderlandın xarici işlər nazirinin Azərbaycana səfər etdiyini xatırladıb.

Deputat hesab edir ki, bu səfərlər Avropa ölkələrinin regiona, xüsusilə Azərbaycana böyük maraq göstərdiyini ortaya qoyur. O, bu marağın üç əsas səbəbi olduğunu bildirib.

Birinci səbəb Azərbaycanın enerji təhlükəsizliyi sahəsində həyata keçirdiyi siyasətdir. Elman Nəsirov qeyd edib ki, qarşıdan qış mövsümü gəldiyi üçün Avropa ölkələri enerji məsələlərinin həyati əhəmiyyətini daha yaxşı anlayır.

“2021-ci ildə biz Avropaya 8,2 milyard kubmetr qaz satırdıqsa, bu gün Avropanın 13 dövlətinə qaz satışını həyata keçiririk. Bunlardan 10-u Avropa İttifaqı ölkəsidir. Təxminən 12,8-13 milyard kubmetr qaz satışını Avropa ölkələrinə həyata keçiririk”, – deputat bildirib.

İkinci səbəbin Azərbaycanın nəqliyyat-logistika sahəsində artan rolu ilə bağlı olduğunu deyən Elman Nəsirov Avropa İttifaqı ilə Azərbaycan arasında yüksək səviyyəli nəqliyyat strateji dialoqunun keçirildiyini xatırladıb. O, həmçinin noyabrın 16-da Avropa İttifaqının Orta Dəhlizlə bağlı strateji əhəmiyyətini ifadə etdiyini bildirib.

Deputat üçüncü səbəb kimi regionda sülh prosesini göstərib. Onun sözlərinə görə, Avropa Azərbaycanın regionda sülhün təmin olunmasında rolunu anlayır və bu, Avropanın region siyasəti üçün də həyati əhəmiyyət daşıyır.

Elman Nəsirov vurğulayıb ki, Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat və logistika, eləcə də regional sülh istiqamətlərində həyata keçirdiyi siyasət ölkəmizin beynəlxalq əhəmiyyətini və Avropa ilə əməkdaşlıq imkanlarını daha da artırır.

Əlaqəli Xəbərlər