Estoniya XİN rəhbəri: Azərbaycan bizim üçün mühüm tərəfdaşdır
Estoniyanın Bakıda səfirliyinin açılması iki ölkə arasında dostluq münasibətlərinin və uzunmüddətli əməkdaşlığın möhkəmləndirilməsinə sadiqliyin göstəricisidir.
Operativ Media xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna ölkəsinin Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimində deyib.
Nazir bildirib ki, Azərbaycanda səfirliyin açılması Estoniyanın xarici siyasət prioritetlərindən biri olub. O, Azərbaycanın həm regional mövqeyinə, həm də tarixi əlaqələrə görə Estoniya üçün mühüm tərəfdaş olduğunu vurğulayıb.
“Yeni səfirliklərin açılması heç də asan məsələ deyil. Bunun üçün maliyyə vəsaitinin ayrılması ilə bağlı danışıqlar aparmaq lazım gəlir. Lakin bizim üçün yeni səfirliklərin açılması çox vacib idi və Azərbaycan prioritetlərimizdən biri olub. Azərbaycan həm regional, həm də tarixi baxımdan bizim üçün çox mühüm tərəfdaşdır. Xalqlarımız bir-birini tanıyır, ölkələrimiz arasında işgüzar əlaqələr inkişaf edir”, – Tsaxkna qeyd edib.
Estoniyanın XİN rəhbəri ötən il Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevə Bakıda səfirlik açılacağı barədə verdiyi vədi də xatırladıb.
“Ötən il burada olarkən Prezident İlham Əliyevə söz vermişdim ki, gələn il yenidən Azərbaycana gələcəyəm və səfirliyimizi açacağıq. İndi Prezident İlham Əliyevlə görüşdən gəlirəm və deyə bilərəm ki, biz estoniyalılar sözümüzün üstündə dururuq. Bu, bizim üçün çox vacibdir”, – deyə nazir bildirib.
Tsaxkna Azərbaycanın təcrübəsinin Estoniya üçün də faydalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, qonşularla münasibətlərin qurulması, diplomatiya, demokratiya, iqtisadi inkişaf və regional proseslərdə liderlik kimi sahələrdə Azərbaycandan öyrəniləsi çox məqam var.
Estoniyalı nazir iki ölkə arasında dostluq əlaqələrinin və uzunmüddətli əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.
“Estoniyalı ilə bir dəfə dost oldunuzsa, bu dostluq əbədi davam edəcək. Mən bunu yaxşı bilirəm. Xarici işlər naziri ilə də dostluq münasibətlərimiz var və əminəm ki, gələcəkdə Azərbaycanda daha çox dostumuz olacaq”, – Tsaxkna əlavə edib.