“Yol kənarında satılan nar şirəsinin zərəri xeyrindən çoxdur” - Qida eksperti
Mövsümlə əlaqədar bir çox yerlərdə sıxılmış təbii nar şirəsi satılır. Faydalarını saymaqla bitməyəcək bu meyvənin şirəsi həqiqətəndəmi qaydalara uyğun hazırlanır?
Mövzu ilə bağlı “Operativ Media”ya açıqlama verən qida eksperti Seymur Qafarovun sözlərinə görə, mövcud vəziyyətdə satılan nar şirələri antisanitar şəraitdə hazırlanır və zərəri xeyrindən çoxdur.
“Hər il olduğu kimi məhsul bol olub və yol kənarlarında sıxılıb satılır. Hazırkı vəziyyətdə müşahidələrimiz göstərir ki, bu cür yerlər əksər hallarda yol kənarlarında yerləşir. Nəqliyyat vasitələrinin sürətli keçdiyi yolların kənarında, piyadaların getdiyi səkilərdə avadanlıq qurulur və nar sıxılaraq satılır. O meyvələrin və sıxılan şirənin üzərinə avtomobilin təkərlərinin hərəkəti nəticəsində toz çökür. Bu isə yolverilməzdir və antisanitar şərait sayılır”.
Seymur Qafarov deyir ki, narın sıxıldığı dəzgahlar da əslində normalara uyğun deyil:
“İstifadə olunan dəzgahlar qustar üsulla hazırlanıb və heç bir sənədi yoxdur. Dəzgahın çalışması ilə bağlı avadanlığa dair də heç bir sənəd yoxdur. Paslanmış dəmirdə sıxılan meyvə şirəsinin nə təbiiliyi ola bilər?! Üstəlik istifadə olunan məhsulların da sənədi yoxdur. Üzərindəki pestisit qalıqlarının miqdarı ilə bağlı da məlumat yoxdur. Narlar birbaşa avadanlığa qoyulur deyə dənələnmir. Üz qabığı dezinfeksiya olunmalıdır, amma olunmur. Bu proesi icra edən əməkdaş gigiyenik mühafizə vasitələrindən istifadə etmir, əlcək taxmır. Bir çox nöqsan saymaq olar. Şirələr antisanitar şəraitdə hazırlanır və heçbir etiket məlumatı da olmur. 523 saylı qida təhlükəsizliyi haqqında qanunun 17.2-ci bəndinə əsasən heçbir etiket məlumatları öz əksini tapmır”.