Kolbasa və sosislərin qiymətinin ət və toyuqdan ucuz olmasının səbəbi nədir?

Nərmin Qocamanlı
Kolbasa və sosislərin qiymətinin ət və toyuqdan ucuz olmasının səbəbi nədir?

Azərbaycanda ət və toyuq məhsulları ilə onlardan hazırlanan bəzi kolbasa və sosis məhsullarının qiymətlərində tərs mütənasiblik mövcuddur. Belə ki, toyuğun qiyməti 6 manat olmasına baxmayaraq, toyuq ətindən hazırlanmış məhsullar daha ucuz qiymətə istehlakçlara təklif edilir. Bu isə həmin qidaların keyfiyyəti barədə narahatlıq yaradır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Operativ Media"ya açıqlamasında bildirilib ki, ölkədə 20-yə qədər kolbasa və ət məmulatları istehsal edən müəssisələr var, ancaq bunlardan 3-4-ü tam standartlara uyğun. təmiz ətdən kolbasa və sosis istehsal edir:

"Təsadüfi deyil ki, 2013-cü ildə Amerika Birləşmiş Ştatlarının İnkişaf Agentliyi Azad İstehlakçılar Birliyinə müraciət etdi, həmin yerli kolbasa istehsalçılarının bəzilərinə xarici mütəxəssislərin iştirakı ilə qida təhlükəsizliyi nişanını verdik və onlar normal ətdən kolbasa, sosis kimi məmulatları istehsal edir. Bu ətlərin mənbəyini yoxlayanda görürük ki, Braziliyadan Azərbaycana təmiz mal əti gətirilir və o ətin qiyməti 4 manat yarıma gəlib çıxır. Əhali əti bazardan aldığı və sümük qarışıq, yəni əti hissələrə bölmədən satılan ətlərlə müqayisə edirlər, ancaq bu, doğru deyil. Heyvanı başqa ölkələrdə 20 yerə bölürlər. Budu, qolu, beli - hamısı ayrı satılır. Lakin qabırğaarası ətlər, xalq arasında "şıntır" deyilən ətlər var ki, onlar həmin qiymətə satılmır. Onları çox böyük miqdarda Azərbaycan və digər ölkələrə göndərirlər".

E.Hüseynovun sözlərinə görə,  ölkədə normal kolbasa və sosis istehsal edən müəssisələr mövcuddur və əksəriyyətində qiymətlər aşağıdır:

"Mən özüm standartlara uyğun kolbasa istehsal edən yerlərdə canlı monitorinq aparmışam. Həmin qabırğaarası və s. kimi ətlər çox ucuz qiymətə gəlir. Eləcə də Hindistandan bu cür ətlər gətirilir.  Normal kolbasa və sosis istehsalı ölkədə mövcuddur, ona görə də onların qiyməti aşağı gəlir çıxır. Lakin bununla belə xarici ölkədən gətirilən kolbasa, ət məhsullarının bahalığına əhali inanır. Halbuki onların əksəriyyətinin tərkibində naməlum qatqılar var, bəzən heyvanın dərisi, yaxud beyni həmin məhsula qarışdırılır. Lakin standartlara uyğun məhsul istehsal edən yerli kolbasa sexində belə məsələlər yoxdur. Bununla belə, metro çıxışlarında, 8-ci km bazarında ətinin mənşəyi naməlum  olan kolbasa məhsullarının satışını görürük. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlərə Qarşı Mübarizə İdarəsi dəfələrlə regionlardan murdar olmuş heyvan ətlərinin, at ətinin daşınmasını ifşa edib. Sosis istehsalında toyuqdan da geniş istifadə olunur. Toyuğun əsas yerləri, yəni budu, döşü çıxarılır və ayrı məqsədlə istifadə olunur. Qalan hissəsinin ətləri isə əksər hallarda kolbasa və sosis istehsalına sərf olunur. Bəzən vaxtı keçmiş toyuqlar olur, onlar da istisna olunmur ki, kolbasa istehsalına getsin. Bir sözlə, Azərbaycanda standartlara uyğun təmiz ətdən, kolbasa- sosis məmulatları istehsal edən zavodlar da var. Bütün hallarda istehlakçılar bu malları alan zaman onun etiketinə baxsınlar, buraxılma tarixi və son yararlılıq müddətinə nəzər yetirsinlər. İstehlakçılara əsasən yerli məhsullara üstünlük vermək tövsiyə olunur".

Sevinc İbrahimzadə

Digər xəbərlər