Bu il Bakıətrafı ərazilərdə su çatışmazlığı olacaq?

Nərmin Qocamanlı
Bu il Bakıətrafı ərazilərdə su çatışmazlığı olacaq?


Yay mövsümü yaxınlaşdıqca əhalini narahat edən məsələlərdən biri olan su qıtlığı mövzusu gündəmə gəlir. Bu problemlə əsasən şəhər ətrafı ərazilərdə yaşayan sakinlər üzləşirlər.

Bəs bu il Bakıətrafı kənd və qəsəbələrdə su çatışmazlığı olacaq?

“Operativ Media” xəbər verir ki, bunu "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllının sözlərinə görə bu il kifayət həcmdə su ehtiyatları var. Hətta 2024-cü il son 6-7 ilin ən bolsulu dövrüdür:

“Həm “Taxta körpü” su anbarı tam dolub, halbuki keçən il heç 50 faizi dolu deyildi. Həm də “Ceyranbatan” su anbarı, demək olar ki, tam dolub. Ötən ilin təcrübəsi və bu ilə hazırlığımız onu deməyə əsas verir ki, biz bu il yay aylarında Bakı, Abşeron və Sumqayıtda əhalini dayanıqlı içməli su ilə təmin edə biləcəyik. Dövlət Su Ehtiyatları Agentliyinin təsdiqlənmiş proqramına uyğun olaraq bu istiqamətdə işlər həyata keçirilir. Anbarların təmiri, yuyulması, hidrotexniki qurğuların təmiri həyata keçirilrib. Mən deyə bilərəm ki, biz artıq yay rejiminə hazırıq”.

Qurum rəsmisi bildirib ki, şəhərətrafı ərazilərdə yaranan su qıtlığının səbəbi əsasən buradakı sakinlər tərəfindən fərdi-primitiv üsullarla çəkilən şəbəkələrdən qaynaqlanır:

“Yay aylarında su cəhətdən ən çox sıxıntı Abşeron, Binəqədi, Sabunçunun kənd və qəsəbələrində olur. Abşeron yarımadasındakı ətraf ərazilərdəki şəbəkələrin təxminən 30 faizə yaxını vətəndaşlar tərəfindən fərdi qaydada çəkilib. Yəni vaxtilə orada əgər 100 ev tikilibsə, orada yaşayan sakinlər yığışıb müəyyən diametrlə su xətləri çəkiblər və sonra həmin ərazilərdə yaşayanlar çoxalıb. Bu gün həmin yerlərdə misal üçün 500 nəfər yaşayır, amma su xəttinin diametri böyüməyib. Qış aylarında bu, problem yaratmır, ancaq yay aylarında həmin xətlərin ucqarında yaşayan vətəndaşlara suyun çatdırılması prosesində təzyiqin azalması və yaxud qrafikin pozulması halları baş verir”.

A.Cəbrayıllı qeyd edib ki, qəsəbələrin bir çox hissəsində primitiv şəbəkələr ləğv olunub, mərkəzləşmiş şəbəkə ilə su alınanda itkilər də azalır. Ötən il olduğu kimi, bu il də bəzi ərazilərə qrafikə su verilməsi davam edəcək:

“Çünki həmin ərazilərdə insanların sayı artsa da, mövcud magistral və paylayıcı şəbəkələrin genişləndirilməməsi problem yaradır. Biz məcbur olub Masazır qəsəbəsini şərti olaraq A və B hissələrinə böldük və bir hissəsinə bu gün su veririk, o biri hissəsinə isə sabahısı gün. Əgər əvvəlki rejimi qüvvədə saxlasaydıq, xəttin axırlarında, nisbətən yüksəklikdə, “Yoncalıq”, “Cantəpə” deyilən ərazilərdə yaşayan  sakinləri su ilə təmin edə bilməzdik”.

"Azərsu" rəsmisi əlavə edib ki, vətəndaşların su təchizatının pozulmasında əsas səbəblərdən biri də bağ massivlərində suvarma suyu kimi texniki sulardan deyil, içməli sudan istifadə olunmasıdır. Lakin növbəti il üçün texniki sularla bağlı hər hansı yeni layihə nəzərdə tutulmayıb.

Sevinc İbrahimzadə

Digər xəbərlər