
“Bəzi mənzillərin həm alıcısı az olur, həm də bir sıra banklar belə tikililərə ipoteka kreditini az məbləğdə ayırırlar. Köhnə və ya yeni tikili olmasına baxmayaraq, əksər binalarda birinci və sonuncu mərtəbələrdəki mənzillərin satışında çətinliklər yaşanır”.
Bunu “Operativ Media”ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
Ekspertin sözlərinə görə, alıcılar ya bu mənzilləri almaqdan imtina edirlər, ya da daha aşağı məbləğ ödəmək istəyirlər:
“Alıcıların ilk sualı da elə bu olur: “Mənzil neçənci mərtəbədədir?” Müştərilər alacaqları evin ən çox dörd bir tərəfində yaşayış olması ilə maraqlanırlar. Binanın tinində olan “uqlavoy” bloklara da təlabat azalır. 1-ci mərtəbənin də altı zirzəmi olur deyə 1 və 9 cu mərtəbəni istəmirlər. Hazırda bu problem özünü köhnə binalarda daha çox büruzə verir. Xüsusən köhnə binalarda nəzərə almaq lazımdır ki, 1-ci mərtəbə zirzəmiyə bitişik olduğundan çirkab suları və zibilin atılması nəticəsində pis qoxu yaranır. Məsələn, Bakıda elə binalar var ki, onların 1-ci mərtəbəsində yaşamaq, həqiqətən də, çətindir. 9-cu mərtəbələrdə isə, adətən liftin işləməməsi çətinlik yaradır”.
Ramil Osmanlı bildirib ki, belə mənzillər digərlərindən təqribən 3-5 faiz aşağı qiymətə təklif olunur.
O, həmçinin qeyd edib ki, əgər binanın istismar müddəti tələblərə uyğundursa, banklar ipoteka kreditinin ayrılmasına heç bir əngəl yaratmır. Lakin qiymətləndirmə zamanı mənzilin hansı mərtəbədə olması nəzərə alınır:
“Banklar, doğrudur, dəyərə qiymət verirlər. Elə buna görə də 1-ci və 9-cu cu mərtəbənin qiymətləndirilməsi zamanı mənfi amil kimi bunu nəzərə alırlar. Ancaq mən ipoteka prossesində hansısa bankın bu səbəbə görə müştəriyə cavab verməməsinə rastlamamışam. İstisna hal kimi hansısa bank bunu edirsə, yəqin ki, bu, onun öz qaydalarıdır. Alıcıların bu cür mənzillərdən imtina etməsi əsassızdır. Amma bu zaman bəzi məqamlara xüsusi diqqət yetirilməlidir. Mütləq şəkildə mənzilə daha ətraflı baxış keçirilməli, zirzəmi və tavan hissələri yoxlanılmalıdır”.