46 günlük əmək məzuniyyəti kimlərə şamil olunur? - AÇIQLAMA
Şəfa Hüseynli

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, əmək məzuniyyətinin müddəti və ondan istifadə hüququ olan işçilərin dairəsi genişləndirilib. Əmək Məcəlləsinin 120-ci maddəsinə görə, artıq azı 46 təqvim günü əmək məzuniyyəti hüququ olan şəxslərin siyahısına yeni kateqoriyalar daxil edilib.
Operativ Media xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Yeni tənzimləməyə əsasən, bu məzuniyyətdən istifadə hüququ aşağıdakı işçilərə şamil edilir:
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı, 20 Yanvar hadisələri, hərbi xidmət və ya Çernobıl AES-də xidmətlə bağlı əlilliyi müəyyən edilmiş işçilər;
- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış işçilər;
- Döyüş əməliyyatları aparılan ölkələrdə hərbi xidmət borcunu yerinə yetirmiş və sonradan əmək fəaliyyətinə cəlb olunmuş şəxslər;
- Azərbaycan Respublikasının ən yüksək dövlət təltiflərinə layiq görülmüş işçilər.