4SİM və SOCAR Davos Forumunda birgə sessiya təşkil edib
Operativ Media

Dünya İqtisadi Forumunun (DİF) Davosda keçirilən 56-cı illik toplantısı çərçivəsində Azərbaycan beynəlxalq gündəmdə texnoloji transformasiya və enerji keçidi mövzusunda mühüm təşəbbüslə çıxış edib.
Operativ Media xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və SOCAR-ın birgə təşkilatçılığı ilə “Texnoloji transformasiya vasitəsilə enerji keçidinin sürətləndirilməsi: Süni intellekt əsaslı sənaye” mövzusunda yüksək səviyyəli panel sessiya keçirilib.
Panel sessiya 4SİM-in icraçı direktoru Fariz Cəfərovun moderatorluğu ilə baş tutub. Müzakirələr zamanı sənaye və enerji sektorlarında süni intellekt, rəqəmsal texnologiyalar və Sənaye 4.0 həlləri vasitəsilə karbonsuzlaşmanın sürətləndirilməsi, əməliyyat səmərəliliyinin artırılması və dayanıqlı inkişafın təmin olunması məsələləri diqqət mərkəzində olub.
Paneldə xüsusilə karbonsuzlaşması texnoloji və iqtisadi baxımdan mürəkkəb olan sahələr üçün Sənaye 4.0-a keçidin strateji əhəmiyyəti vurğulanıb.
SOCAR-ın rəqəmsallaşma üzrə baş inzibatçısı Murad Abdullayev çıxışında şirkətin enerji səmərəliliyinin artırılması, istehsal proseslərinin etibarlılığı və təhlükəsizliyinin yüksəldilməsi istiqamətində həyata keçirdiyi rəqəmsal həllər barədə məlumat verib. Onun sözlərinə görə, istehsalat sistemləri ilə informasiya texnologiyalarının inteqrasiyası dəqiq və operativ qərarların qəbuluna imkan yaradır.
Dünya İqtisadi Forumunun Müasir Texnologiyalar və İnnovasiyalar Mərkəzinin Strateji təsir üzrə rəhbəri Manju George dayanıqlı enerji keçidinin təmin edilməsində dövlət-özəl sektor əməkdaşlığının və qlobal platformalarla tərəfdaşlığın rolunu xüsusi qeyd edib. O, rəqəmsal sənaye ekosistemlərinin formalaşdırılmasının inklüziv transformasiya üçün əsas şərt olduğunu bildirib.
“McKinsey & Company” şirkətinin Şimali Avropa üzrə idarəedici tərəfdaşı Jukka Maksimainen enerji keçidində yalnız texnologiyanın deyil, insan kapitalının inkişafının da həlledici faktor olduğunu vurğulayıb. Aşağı karbonlu və rəqəmsal əsaslı sənaye modellərinə keçid üçün mərhələli və sistemli yanaşmaların vacibliyinə diqqət çəkib.
“Honeywell” şirkətinin Qlobal regionlar üzrə prezidenti və baş icraçı direktoru Anant Maheşaveri isə süni intellekt əsaslı sənaye həllərinin xərclərin optimallaşdırılması və emissiyaların azaldılması baxımından mühüm üstünlüklər yaratdığını bildirib.
Onun sözlərinə görə, nəticələrə əsaslanan qərarvermə mexanizmləri uğurlu transformasiyanın əsasını təşkil edir.
Sessiyanın sonunda Fariz Cəfərov qeyd edib ki, sənaye və enerji sektorlarında süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi Azərbaycanın milli rəqəmsal iqtisadiyyat və enerji keçidi gündəliyi ilə tam uzlaşır. O, beynəlxalq əməkdaşlıqların genişləndirilməsinin və qabaqcıl qlobal təcrübələrin ölkəmizdə tətbiqinin uzunmüddətli dayanıqlı inkişaf üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.