Yalnız gəzən pinqivinin hekayəsi: Sosial şəbəkələrdə viral olan görüntülərin psixoloji səbəbləri

Son günlər sosial şəbəkələrdə, xüsusilə X platformasında (keçmiş Twitter) köhnə bir video yenidən viral olub: Antarktidada koloniyasından ayrılıb dağlara doğru təkbaşına gəzən bir pinqvin sosial media gündəmini zəbt edib. Bu görüntü "Nihilist Pinqvin" (Nihilist Penguin) memi olaraq tanınır və milyonlarla insanı həyatın mənası, yalnızlıq və burnout (tükənmə) haqqında düşündürür. Videoda Adelie cinsindən olan pinqvin koloniyadan uzaqlaşaraq qida və təhlükəsizlikdən uzaq olan buzlu dağlara doğru yönəlir – bu, onun qaçılmaz ölümünə səbəb ola biləcək bir "ölüm yürüşü" kimi şərh olunur.
Operativ Media xəbər verir ki, sözügedən pinqivin hekayəsi əslində yeni deyil. Hekayənin kökü 2007-ci ilə gedib çıxır. Alman rejissoru Werner Herzogun "Encounters at the End of the World" (Dünyanın Sonunda Qarşılaşmalar) sənədli filmində çəkilən bu səhnədə pinqvinin davranışı elm adamlarını belə çaşdırıb. Həmin vaxt alimlər bu halı naviqasiya instinktinin pozulması, iqlim dəyişiklikləri və ya gənc pinqivin təcrübəsizliyi ilə izah etmişdilər.
Lakin sosial şəbəkələrdə yayılan hazırkı kontentdə bu elmi izahlar arxa plana keçir, hekayə daha çox simvolik və emosional çalar qazanır.
Niyə insanları bu qədər təsirləndirir?
Psixoloqların fikrincə, bu cür hekayələrin viral olmasının əsas səbəbi insanın öz emosiyalarını heyvan obrazı üzərindən proyeksiya etməsidir. Yalnız gəzən pinqivin görüntüsü:
- tənhalıq hissini,
- cəmiyyətə aid olmamaq qorxusunu,
- “hamı bir yerdəykən mən niyə təkəm?” sualını simvolizə edir.
Xüsusilə böyük şəhərlərdə yaşayan, sosial şəbəkələrdə aktiv olsa da emosional olaraq özünü tənha hiss edən insanlar bu obrazda özlərini görürlər. Pinqivin səssizliyi və müdafiəsiz görünüşü empati hissini gücləndirir və hekayəni paylaşmaqla insanlar əslində öz daxili vəziyyətlərini ifadə etmiş olurlar.
Psixoloji araşdırmalara görə, belə viral məzmunlar emosional rahatlıq yaradır: İnsanlar öz problemlərini heyvan vasitəsilə ifadə edirlər.
"Nihilist Penguin"in yenidən gündəm olmasının daha bir səbəbi də məşhurların, hətta Ağ Evin də onunla bağlı paylaşım etməsidir.