Menyu

Nikaha daxil olmaq üçün hansı sənədlər tələb olunur?

Ayşən Sadıxzadə
Nikaha daxil olmaq üçün hansı sənədlər tələb olunur?

Nikah yalnız dövlət qeydiyyatından sonra hüquqi qüvvəyə minir və bu proses həm qeydiyyat orqanlarında, həm də elektron qaydada (my.gov.az) həyata keçirilə bilər. 

Vəkil Ramil Vəliyev Operativ Media-ya açıqlamasında bildirib ki, nikaha daxil olmaq istəyən şəxslər üçün tələb olunan sənədlər qanunvericiliklə müəyyən olunub və son dəyişikliklərlə müəyyən yeniliklər tətbiq edilib.

Nikah üçün əsas sənədlər aşağıdakılardır:

 • Hər iki tərəfin birgə ərizəsi (yerində və ya elektron qaydada doldurulur);

 • Şəxsiyyəti təsdiq edən sənəd (Azərbaycan vətəndaşları üçün şəxsiyyət vəsiqəsi);

 • Nikaha daxil olan şəxslərin tibbi müayinədən keçdiyini təsdiq edən arayış;

 • Dövlət rüsumunun ödənilməsi barədə qəbz (hazırda 10 manat).

Vəkil bildirib ki, bu sənədlər nikahın könüllü, maneəsiz və qanuni şəkildə bağlanmasını təmin edir.

Qohum nikahlarına qadağa və yeni tələblər

Son qanun dəyişikliklərinə görə, yaxın qohumlar arasında nikahlar qadağan edilib. Bu yalnız valideyn–uşaq və qardaş–bacı münasibətləri ilə məhdudlaşmır. İndi qadağan olunan nikahlar arasında əmi, dayı, xala, bibi uşaqları və eyni baba və ya nənədən olan nəvə xətləri üzrə qohumlar da daxildir. Dəyişikliklərin məqsədi genetik riskləri azaltmaq və gələcək nəsillərin sağlamlığını qorumaqdır.

Qohumluğun müəyyənləşdirilməsi üçün nikaha müraciət edən şəxslərdən doğum haqqında şəhadətnamələrinin, lazım gəldikdə isə valideynlərinin doğum haqqında sənədlərinin təqdim edilməsi tələb olunur. Bu sənədlər valideynlərin kimliyini, bioloji qohumluq əlaqələrini və qanunla qadağan olunmuş nikah hallarını obyektiv şəkildə müəyyən etməyə imkan verir.

Əvvəllər nikahda olmuş şəxslər üçün əlavə sənədlər

Əgər tərəflərdən biri əvvəl nikahda olubsa, əlavə olaraq təqdim olunmalıdır:

 • Nikahın pozulması haqqında şəhadətnamə;

 • Keçmiş həyat yoldaşın ölüm haqqında şəhadətnaməsi;

 • Nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı.

Əcnəbilərlə nikah zamanı sənədlər

Əgər tərəflərdən biri əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdirsə, əlavə sənədlər tələb olunur:

 • Ailə vəziyyəti haqqında arayış (subay, boşanmış və ya dul);

 • Arayışın leqallaşdırılması və ya apostil edilməsi;

 • Azərbaycan dilinə notariat qaydasında tərcüməsi.

Nikahın bağlanma müddəti

Qanunvericiliyə əsasən, nikah ərizənin verildiyi gündən ən azı 1 ay sonra bağlanır.

Əlaqəli Xəbərlər