Uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi dövlət siyasətinin məqsədləri sırasına daxil edilir

Uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi və sağlamlıqlarına və inkişaflarına zərər vuran məlumatlardan qorunması dövlət siyasətinin məqsədləri sırasına daxil edilir.
Operativ Media xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində əksini tapıb.
Hazırda qüvvədə olan qanuna əsasən, Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının tə min edilməsinə yönəldilir. Dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsinə dövlət orqanları ilə yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər.
Yeni qanun layihəsinə əsasən, uşaqlar barəsində dövlət siyasətinin məqsədləri aşağıdakılardır:
- uşaqların hüquq və azadlıqlarının təmin edilməsi, uşaq hüquqlarının təminatının hüquqi əsaslarının formalaşdırılması;
- uşaqların hüquq və azadlıqlarının müdafiəsi üçün institusional mexanizmlərin yaradılması, onların pozulmuş hüquqlarının bərpası;
- uşaqlara qarşı ayrı-seçkiliyə yol verilməməsi və bütün uşaqlar üçün bərabər imkanların yaradılması;
- çətin həyat şəraitində olan uşaqların sosial müdafiəsi;
- uşaqların fiziki, əqli, mənəvi və əxlaqi inkişafı, onların vətənpərvərlik, vətəndaşlıq, sülhpərvərlik, milli adət və ənənələrə hörmət ruhunda tərbiyə olunması;
- uşaqlarda hüquq mədəniyyətinin formalaşdırılması;
- uşaqların sağlamlığına və inkişafına zərər vuran məlumatlardan qorunması.
Uşaqların hüquq və azadlıqlarının təmin edilməsi sahəsində dövlətin əsas vəzifələri isə aşağıdakılar olacaq:
- uşaqların hüquq və azadlıqlarının müdafiəsinə dair normativ hüquqi bazanın formalaşdırılması və təkmilləşdirilməsi;
- uşaqların mənafelərinin üstünlüyü prinsipindən irəli gələrək dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, dövlət büdcəsinin proqnozlaşdırılması;
- uşaq hüquqlarının təmin edilməsi sahəsində dövlət proqramlarının və bu kimi digər sənədlərin işlənib hazırlanması və həyata keçirilməsi zamanı bu tədbirlərin uşaqların hüquqi vəziyyətinə təsirinin qiymətləndirilməsi mexanizminin yaradılması və tətbiqi;
- uşaqların hüquq və azadlıqlarının müdafiəsini təmin edən dövlət orqanlarının (qurumlarının), təhsil, tibb, sosial xidmət müəssisələrinin təsis edilməsi, uşaqların inkişafı və asudə vaxtının təşkili üzrə infrastrukturun yaradılması və təkmilləşdirilməsi;
- sosial dəstək mexanizmlərinin tətbiqi vasitəsilə uşaqların sosial xidmət müəssisələrindən ailələrinə qaytarılması, qəyyumluğa (himayəyə), himayədar ailəyə verilməsi və ya övladlığa götürülməsi, eləcə də onların sosial xidmət müəssisələrinə düşməsinin qarşısının alınması ilə bağlı tədbirlər görülməsi və həmin müəssisələrdə olan uşaqların fərdi inkişafının təmin edilməsi;
- təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrində və penitensiar müəssisələrdə uşaqlarla müntəzəm təmasda olan şəxslərin (mütəxəssislərin) peşəkarlığının təmin edilməsi;
- uşaqlara qarşı ayrı-seçkiliyin, zorakılığın bütün formalarının və erkən evliliyin qarşısının alınması;
- uşaqların hüquq və azadlıqlarını, habelə qanuni mənafelərini pozan, onlara zərər vuran şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması;
- uşaqların hüquq və azadlıqlarının müdafiəsinin təmin edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi.