Menyu

Vahid məktəbli formasının üstünlükləri nələrdir?

Ayşən Sadıxzadə
Vahid məktəbli formasının üstünlükləri nələrdir?

Məktəbli formalarının tətbiqi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli, 96 nömrəli qərarı ilə tənzimlənir.

Təhsil eksperti Şəmsi Qocayev Operativ Media-ya açıqlamasında bildirib ki, bu normativ sənəd məktəblərdə vahid geyim qaydasının əsas hüquqi bazasıdır.

Ekspertin sözlərinə görə, qərarın əsas məqsədi şagirdlər arasında sosial bərabərliyin qorunması və məktəb mühitində vahidliyin təmin olunmasıdır.

Məktəbli formasını kim seçir?

Şəmsi Qocayev qeyd edib ki, Nazirlər Kabinetinin qərarına əsasən, məktəblər üçün dörd növ məktəbli forması təsdiqlənib. Bu formalardan hansının tətbiq ediləcəyinə yalnız məktəbin Pedaqoji Şurası qərar verə bilər.

"Bu məsələdə nə valideynlərin, nə də başqa qurumların qərarvermə səlahiyyəti yoxdur. Seçim yalnız Pedaqoji Şura tərəfindən aparılmalıdır”, – deyə ekspert vurğulayıb.

O bildirib ki, Pedaqoji Şura məktəbli forması ilə bağlı qərar qəbul etdikdən sonra valideynlər əvvəlcədən məlumatlandırılmalıdır. Yəni valideynlər növbəti tədris ilinə hazırlaşmaq üçün vaxtında xəbərdar olmalıdırlar.

Bəzi məktəblərdə qaydalar niyə pozulur?

Təhsil eksperti bəzi məktəblərdə hələ də problemlərin qalmasından danışıb:

“Elə hallar olur ki, dərs ili sentyabrda başlayır, amma oktyabr ayında belə məktəbli forması ilə bağlı dəqiq qərar olmur. Bu isə valideynlərdə haqlı narazılıq yaradırdı. Son illər bu problem müəyyən qədər azalıb”.

Vahid məktəbli formasının üstünlükləri nələrdir?

Şəmsi Qocayev vahid məktəbli formasının bir sıra mühüm üstünlüklərini qeyd edib:

- Sosial bərabərlik təmin olunur:  imkanlı və imkansız ailələrdən olan uşaqlar arasında geyim fərqləri aradan qalxır

- Nizam-intizam və dərsə diqqət artır: şagirdlər dəb yarışından uzaqlaşır

- Kollektivə aidlik hissi formalaşır: məktəbin vahid imici yaranır

- Psixoloji rahatlıq təmin edilir: “nə geyinim?” problemi aradan qalxır

- İqtisadi baxımdan sərfəlidir: valideynlərin gündəlik geyim xərcləri azalır

- Təhlükəsizlik güclənir: şagirdləri kənar şəxslərdən ayırd etmək asanlaşır

Hansı siniflərdə forma problemi daha çoxdur?

Ekspertin sözlərinə görə, məktəbli formasının tətbiqi 1–7-ci siniflərdə ciddi problem yaratmır. Lakin 8–9-cu siniflərdən etibarən formaya əməl edənlərin sayı azalır, 11-ci siniflərdə isə demək olar ki, vahid forma geyinilmir.

“Nəzarət mexanizmləri kifayət qədər effektiv deyil. Məktəb rəhbərliyi istəsə belə, bu sahədə real təsir imkanları məhdud qalır”, – deyə Şəmsi Qocayev əlavə edib.

Əlaqəli Xəbərlər