Menyu

Ad, soyad və ya ata adını necə dəyişmək olar? - İZAH

Ayşən Sadıxzadə
Ad, soyad və ya ata adını necə dəyişmək olar? - İZAH
Azərbaycan Respublikası vətəndaşları adını, ata adını və soyadını dəyişmək hüququna 18 yaşdan sonra malikdir. Uşaq yetkinlik yaşına çatmamışsa,  onun soyadı valideynlərin razılığı əsasında dəyişdirilə bilər. Əgər yalnız bir valideyn soyadını dəyişirsə, uşağın soyadının dəyişməsi məsələsi valideynlər arasında razılıqla, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir.

Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov Operativ Media-ya bildirib ki, ata adının dəyişdirilməsi qanuni himayədarın razılığı ilə mümkündür.

Müraciət qaydası:

- Vətəndaşlar yaşayış yeri üzrə qeydiyyat şöbəsinə müraciət etməlidir.
- Xaricdə daimi yaşayan vətəndaşlar isə konsulluğa ərizə verməlidir.
- 18 yaşdan kiçik uşaqların ad və soyadının dəyişdirilməsi valideynlərin birgə xahişinə əsasən həyata keçirilir və uşağın 10 yaşdan yuxarı olduğu halda fikri nəzərə alınır.

Tələb olunan sənədlər:

- Ad, ata adı və soyadın dəyişdirilməsi haqqında ərizə
- Doğum haqqında şəhadətnamə
- Nikah və ya nikahın pozulması haqqında sənədlər
- Yetkinlik yaşına çatmayan uşaqlar varsa, onların doğum şəhadətnamələri
- Şəxsiyyət vəsiqəsinin notariat təsdiqli surəti
- Hərbi qeydiyyat sənədi (ilkin və ya hərbi bilet)
- 3x4 sm ölçüdə 2 fotoşəkil
- Dövlət rüsumunun ödənilməsi sənədi (15 AZN)

Müraciətdən imtina halları:

- Cinayət mühakimə icraatında şübhəli və ya təqsirləndirilən şəxs olmaq
- Ödənilməmiş və ya götürülməmiş məhkumluq
- Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi

Ərizəsi əsassız rədd edilən vətəndaş məhkəməyə müraciət edərək ad, ata adı və soyadın dəyişdirilməsini tələb edə bilər.

Əlaqəli Xəbərlər