Azərbaycan vətəndaşları xaricdə necə nikaha daxil ola bilər? - İZAH
Xarici ölkədə Azərbaycan Respublikasının vətəndaşı nikaha daxil olduqda, nikahın qeydə alınması nikaha daxil olan şəxslərin və ya onların valideynlərindən birinin seçdiyi Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəlik və ya konsulluqları tərəfindən həyata keçirilir.
Bu barədə vəkil Turan Abdullazadə Operativ Media-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və nikah yaşına çatmaları zəruridir.
Vəkil qeyd edib ki, xarici ölkələrdə Azərbaycan Respublikası vətəndaşlarının nikahının qeydə alınması üçün aşağıdakı sənədlər Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına təqdim edilməlidir:
1. Nikaha daxil olan şəxslərin yazılı razılığı
2. Nikaha daxil olan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin surəti
3. Xarici ölkədə daimi və ya müvəqqəti yaşamağı təsdiq edən sənəd
4. Subaylıq haqqında arayış
5. Dövlət rüsumunun ödənilməsi barədə qəbz
6. Əvvəllər nikahda olmuş şəxslər üçün – nikahın pozulması haqqında şəhadətnamənin surəti, ərinin (arvadının) ölümü haqqında şəhadətnamənin surəti və ya əvvəlki nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya ondan çıxarış
Nikaha daxil olmaq istəyən Azərbaycan Respublikası vətəndaşı vətəndaşları konsulluqlara şəxsən ərizə ilə müraciət etməlidirlər. Konsulluğun vəzifəli şəxsi nikahın bağlanması haqqında ərizəyə dərkənar yazmaqla icazə verir.
Əgər nikaha daxil olmaq istəyən şəxslərdən biri üzrlü səbəblərə görə ağır xəstəlik, uzunmüddətli ezamiyyət, uzaq yerdə yaşama və s. konsulluğa gələ bilmirsə, gələn tərəf digər şəxsin özünə aid hissəni şəxsən doldurduğu birgə ərizə və ya ayrı-ayrı ərizələri təqdim edə bilər. Bu zaman gəlməyən tərəfin ərizədəki imzasının həqiqiliyi konsulluq tərəfindən təsdiq edilməlidir.
Nikah konsulluq tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin iştirakı ilə ərizənin verildiyi gündən etibarən 1 aydan tez olmayaraq bağlanır.
Aşağıdakı üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti konsulluq tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər:
1. Təcili uzunmüddətli ezamiyyətə getmə
2. Daimi yaşamaq üçün başqa yerə köçmə
3. Birgə uşaqların olması
4. Nikaha daxil olmaq istəyən qadının hamilə olması
5. Evlənən şəxslərin və ya onların yaxın qohumlarının ağır xəstəliyi
6. Hərbi xidmətə çağırılma
7. Digər hallar
Qeyd olunan hallar müvafiq sənədlərin ezamiyyə vərəqəsi, tibbi arayış, doğum haqqında şəhadətnamə və s. konsulluğa təqdim edilməsi ilə təsdiqlənməlidir.
Xüsusi hallarda hamiləlik, birgə uşağın olması, nikaha daxil olmaq istəyən şəxslərin hər ikisinin yaşının 50-dən yuxarı olması və digər hallarda nikah ərizənin verildiyi gün bağlana bilər.
Nikahın qeydə alınması zamanı nikaha daxil olan şəxslərin arzusu ilə digər şəxslər də iştirak edə bilərlər. Nikah haqqında aktın qeydində imza edən şahidlərin sayı iki nəfərdən çox olmamalıdır.
Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 16.3-cü maddəsinə əsasən, nikahın qeydə alınması və əlaqədar əməliyyatlar üçün aşağıdakı məbləğlərdə dövlət rüsumu müəyyən edilib:
1. Nikahın qeydə alınması və bu barədə şəhadətnamənin verilməsinə görə 10 ABŞ dolları
2. Xarici ölkələrin VVAQ orqanlarında nikahın qeydə alınması məqsədilə subaylıq haqqında arayışın verilməsinə görə 10 ABŞ dolları
3. Nikah haqqında akt qeydində dəyişikliklərin, düzəlişlərin və əlavələrin edilməsi, habelə akt qeydlərinin bərpası ilə bağlı şəhadətnamələrin verilməsinə görə 10 ABŞ dolları
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında arxiv materiallarına əsasən təkrar şəhadətnamələrin verilməsinə görə 10 ABŞ dolları