Menyu

Elektron doğum şəhadətnaməsi necə alınır? - İZAH

Ayşən Sadıxzadə
Elektron doğum şəhadətnaməsi necə alınır? - İZAH

“Azərbaycanda elektron doğum şəhadətnaməsini ən rahat şəkildə myGov platforması üzərindən əldə etmək mümkündür. Proses bir neçə mərhələdən ibarətdir”.

Bu sözləri Operativ Media-ya açıqlamasında vəkil Əlövsət Allahverdiyev deyib. 

O bildirib ki, əvvəlcə doğum faktı tibb müəssisəsi tərəfindən tibbi informasiya sistemində təsdiqlənir:

“Daha sonra valideyn və ya valideynlər onlayn müraciət edərək doğumu dövlət qeydiyyatına aldırırlar.

Uşaq doğum evində və ya digər tibb müəssisəsində doğulduğu halda, adətən həmin müəssisə doğumu təsdiq edən tibbi sənədi (Forma 103) təqdim edir və ya məlumatlar birbaşa elektron sistemə daxil edilir. Bu sənəd və ya sistemdə qeydə alınmış doğum faktı sonrakı qeydiyyat üçün əsas hesab olunur.

Bundan əlavə, Səhiyyə Nazirliyinin “Doğum haqqında tibbi şəhadətnamə” elektron reyestri vasitəsilə tibbi şəhadətnamənin surətini əldə etmək mümkündür. Bunun üçün şəxsi məlumatların müvafiq elektron sistemlərdə düzgün qeyd olunması vacibdir.

Valideynlər my.gov.az portalında qeydiyyatdan keçərək şəxsi kabinet vasitəsilə doğumun dövlət qeydiyyatına alınması üçün elektron müraciət edə bilirlər.

ASAN Xidmətin “Doğumun qeydə alınması” bölməsində tələb olunan əsas sənədlər bunlardır:

- Valideynlərin şəxsiyyət vəsiqələri

- Valideynlərin nikah haqqında şəhadətnaməsi (nikah olduqda)

- Valideynlərin doğum haqqında şəhadətnaməsi (bəzi hallarda tələb oluna bilər)

- Doğumu təsdiq edən tibbi sənəd – Forma 103

Xüsusi hallarda əlavə sənədlər də tələb oluna bilər. Məsələn, uşaq tibb müəssisəsindən kənarda doğulubsa həkim arayışı, doğumdan 1 ay keçdikdən sonra müraciət edildikdə isə uşağın sağlamlığı barədə arayış təqdim olunmalıdır”.


Əlaqəli Xəbərlər