Menyu

Məhkəməsiz boşanma hansı hallarda mümkündür? - AÇIQLAMA

Ayşən Sadıxzadə
Məhkəməsiz boşanma hansı hallarda mümkündür? - AÇIQLAMA
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, 18 yaşına çatmamış övladları olan ər-arvad nikahın pozulması üçün məhkəməyə müraciət etməlidir.

Bu barədə Operativ Media-ya açıqlamasında vəkil Babək Həmidov bildirib.
Onun sözlərinə görə, azyaşlı övladı olmayan və nikahın pozulması ilə bağlı qarşılıqlı razılığa gəlmiş tərəflər məhkəməyə müraciət etmədən, nikahın qeydiyyata alındığı ərazi üzrə vətəndaş vəziyyəti aktlarının qeydiyyatı orqanında (Qeydiyyat şöbəsində) boşanma prosesini həyata keçirə bilərlər.

Lakin tərəflərdən birinin razılığı olmadığı halda qeydiyyat orqanının nikahı pozmaq səlahiyyəti yoxdur. Belə vəziyyətdə boşanmaq istəyən şəxs qarşı tərəfin razılıq vermədiyini təsdiqləyən arayış alaraq məhkəməyə müraciət edə bilər.

Mövzuya münasibət bildirən hüquqşünas Şamil Paşayev isə diqqəti mübahisəli məsələlərin mövcudluğuna yönəldib. O qeyd edib ki, azyaşlı uşaq olmasa belə, aliment, əmlak bölgüsü və ya digər hüquqi çəkişmələr varsa, nikahın pozulması yalnız məhkəmə qaydasında mümkündür: “Əgər bu kimi mübahisələr yoxdursa, nikah qeydiyyat orqanında pozulur və məhkəmə prosesinə ehtiyac qalmır".

Şamil Paşayevin sözlərinə görə, qanunvericilik bu halları dəqiq müəyyənləşdirib və hazırda boşanma proseduru ilə bağlı əlavə və ya yeni bir mexanizm nəzərdə tutulmur.

Əlaqəli Xəbərlər