Əmək pensiyalarının indeksləşdirilməsi nə deməkdir? - İZAH
"Əmək pensiyalarının indeksləşdirilməsi pensiya məbləğinin ölkədəki iqtisadi dəyişikliklərə uyğunlaşdırılması məqsədilə artırılması prosesidir. Bu artım əsasən əvvəlki ildə orta aylıq əməkhaqlarının artım tempi nəzərə alınmaqla həyata keçirilir".
Bu sözləri Operativ Media-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.
O bildirib ki, indeksləşdirmənin əsas məqsədi pensiyaçıların gəlirlərinin real dəyərini qorumaq, yəni qiymətlərin bahalaşması fonunda onların sosial rifahının aşağı düşməsinin qarşısını almaqdır:
"Bu mexanizm sayəsində pensiyalar zamanla köhnəlmir və mövcud iqtisadi şəraitə uyğun saxlanılır. İndeksləşdirmə qanuna uyğun olaraq avtomatik qaydada aparılır, pensiyaçıların hər hansı müraciət etməsinə ehtiyac olmur. Artım həm əmək pensiyasının sığorta hissəsinə, həm də müəyyən hallarda ümumi pensiya məbləğinə tətbiq edilir.
Bu il üçün əmək pensiyalarının 9,2 faiz indeksləşdirilməsi nəzərdə tutulur. Bu o deməkdir ki, mövcud pensiya məbləği həmin faiz qədər artırılaraq yenidən hesablanacaq. Nəticədə pensiyaçıların aylıq aldıqları məbləğ yüksələcək və bu artım onların gündəlik xərclərini qarşılamaqda bir qədər dəstək rolunu oynayacaq. Ümumilikdə indeksləşdirmə sosial müdafiə sisteminin vacib alətlərindən biri hesab olunur və dövlətin pensiyaçıların rifahına verdiyi önəmin göstəricisidir".