Depuatat: Potensial cinayətkar uşaqların xüsusi siyahısı hazırlanmalıdır
Potensial cinayətkar uşaqların xüsusi siyahısı hazırlanmalıdır.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin müzakirəsində deyib.
Deputat bildirib ki, Azərbaycanda uşaqların boyu orta Avropa göstəricilərindən aşağıdır: “Burada genetika, səhiyyə xidməti rol oynayır. amma bunlarla yanaşı ən mühüm məsələ qidalanmadır. Uşaqların lazım olan qidalarla təmin olunması baxımından ölkədə ciddi problemlər mövcuddur. Məktəblərdə uşaqlara yaxşı yemək verilməsinə ehtiyac var. Ailələrə bəzi sosial yardımlar olur. Bir çox hallarda valideynlər uşaqların qidalanması üçün olan vəsaiti kəsib, uşağın gələcəkdə hansısa peşəyə yiyələnməsi üçün o pulu repititorlara verirlər. Digər tərəfdən, məktəblərin ətrafında qəzet köşkü adı ilə həmin köşklərdə siqaretlər, içkilər satılır. Aidiyyəti qurumlar bunun qarşısının alınması üçün iş görmür”.
Deputat “İdrak” liseyində baş verən hadisəyə də toxunub: “Məktəb direktoru deyir ki, uşağın zorakılığa meylli olması barədə ailəsinə məlumat verilib, amma hüquq-mühafizə orqanlarına əvvəlcədən bu məlumat verilməyib. Bu uşaqlar gələcəkdə potensial cinayətkardır. İlk olaraq valideynə məlumat verilirsə və tədbir görülmürsə, polisə məlumat verilməlidir. Polisdə bu uşaqların xüsusi siyahısı hazırlanmaldır”.