Ramazanda düzgün qidalanma necə olmalıdır?
Xəbər verdiyimiz kimi, fevralın 19-da Azərbaycanda Ramazan ayı başlayır.
Bəs Ramazan ayında düzgün qidalanma necə olmalıdır?
Mövzu ilə bağlı Operativ Media-ya qida mütəxəssisi Asim Vəliyev danışıb.
Onun sözlərinə görə, Ramazan ayında düzgün və balanslı qidalanma həm fiziki, həm də mənəvi sağlamlıq üçün böyük əhəmiyyət kəsb edir:
"Oruc tutan şəxslərin enerjisini qorumaq, bədənini su və qida ilə düzgün şəkildə təchiz etmək, həmçinin sağlamlığını uzun müddət ərzində təmin etmək üçün iftar və imsakı diqqətlə planlaşdırmaq vacibdir. İmsakdan iftara qədər uzun bir müddət olduğu üçün qidalanma müddətini iki mərhələyə bölmək daha məqsədəuyğundur”.
O bildirib ki, iftarda ağır yeməklərdən qaçınmaq, əvəzində yüngül və faydalı qidalar seçmək tövsiyə olunur:
“Tərəvəzlər, quru meyvələr və yüngül salatlar bu dövr üçün ideal seçimlərdir. Ramazan ayında qidaların balanslı olması əsasdır. Bədənə lazım olan proteinlər, karbonhidratlar, yağlar, vitaminlər və minerallar düzgün şəkildə tənzimlənməli və müxtəlif olmalıdır.
Oruc tutanlar üçün ən vacib amil su qəbuludur. İftardan imsaka qədər suyun kiçik hissələr halında içilməsi bədənin su balansını qoruyur. Eyni zamanda çox şəkərli və qazlı içkilərdən uzaq durmaq lazımdır, çünki bunlar qan şəkərini sürətlə yüksəldərək, tez bir zamanda aşağı sala bilər və oruc tutanlara zərər verə bilər. Həmçinin, şəkərli içkilər qarın şişkinliyinə və həzm problemlərinə yol aça bilər.
Ağ çörək və yüksək karbohidratlı məhsullar oruc tutanların enerjisinin sürətlə azalmasına səbəb ola bilər. İftara 1-2 ədəd xurma və bir stəkan su ilə başlamaq ideal olacaq. Sonrasında isə, axşam namazından sonra mədəni yormadan sıx deyil, daha yüngül yeməklər qəbul edilə bilər.
İmsakda, yumurta, pendir, kəsmik, zeytun, yulaf əzməsi kimi qidalar yaxşı seçimlərdir. Çox duzlu və yağlı yeməklər gün ərzində mədənin narahatlıq yaratmasına səbəb ola bilər. Həmçinin, yağlı yeməklər həzm sistemini yorar və oruc tutanların bədənini ağırlaşdırır. Konservləşdirilmiş və yüksək duzlu məhsullar da bədənin su balansını pozur, yorğunluğa səbəb ola bilər.
Lifli qidalar həzm sistemini asanlaşdırır və uzun müddət toxluq hissi təmin edir. Yüngül tərəvəzlər və meyvələr zəngin vitamin və minerallarla bədəni dəstəkləyir, xüsusən C vitamini və minerallar oruc tutanların enerji tələblərini qarşılayır. Xurma isə təbii şəkər tərkibi ilə bədəni tədricən enerji ilə təmin edir.
Yüngül tərəvəz salatları, toyuq və balıq kimi yeməklər yaxşı seçimlərdir. Karbohidrat olaraq isə, yulaf və kətan toxumu kimi alternativlərdən istifadə edilə bilər. Şirniyyat istəyi olduqda, şəkərli və ağır desertlərdən qaçınmaq, əvəzində şəkərsiz meyvə şirniyyatları və təbii şəkər ilə hazırlanmış alternativlər təklif edilə bilər”.