Masallıda qanunsuz fəaliyyət göstərən toyuq sexi aşkarlanıb
Operativ Media
Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara Regional Bölməsinin əməkdaşları Masallı rayonunun Banbaşı kəndində Cəfərov Rövşən Cəfərbala oğluna məxsus toyuq kəsimi sexində plandankənar yoxlama aparıblar.
Yoxlama zamanı obyektin qida təhlükəsizliyi ilə bağlı tələbləri ciddi şəkildə pozduğu müəyyən edilib. Belə ki, sexin sanitar-gigiyenik tələblərə cavab vermədiyi, təmizlik və dezinfeksiya üçün uyğun şəraitin olmadığı, həmçinin dezinfeksiya işlərinin aparılmadığı, qida ilə təmasda olan səthlərin korroziyaya davamlı və yuyula bilən materiallarla üzlənmədiyi, təmizləyici vasitələr üçün ayrıca yerin olmadığı müəyyən edilib. Bundan başqa, kəsim üçün gətirilən quşlara dair müşayiətedici baytarlıq sənədləri də aşkarlanmayıb.
Nöqsanlarla bağlı inzibati protokol tərtib edilib və obyektin fəaliyyəti qanunvericiliyə uyğun olaraq məhdudlaşdırılıb.