Tovuzda “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib
Tovuzda dövlət qurumlarının iştirakı ilə “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib. Müşavirədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Tovuz, Qazax, Ağstafa, Şəmkir, Samux və Göygöl rayon icra hakimiyyətlərinin rəhbərləri, bu rayonlarda müvafiq sahə üzrə çalışan mütəxəssislər iştirak ediblər.
Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, qarşıda duran ən mühüm məsələlərdən biri qəhvəyi mərmər bağacığına qarşı mübarizənin cari vəziyyətini dəyərləndirmək və gələcəkdə atılacaq addımların effektivliyini təmin etməkdir. 2026-cı ilin qışlama dövrü üçün mübarizə tədbirlərinin davam etdiyini vurğulayan Məcnun Məmmədov artıq 31 rayon üzrə 12 min 630 nöqtədə monitorinqlər aparıldığını, 3 minə yaxın ocaqda kimyəvi mübarizənin başa çatdırıldığını deyib.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirliyin yerli qurumlarının meşəlik və meşəətrafı ərazilərdə digər qurumlarla birgə mütəmadi tədbirlər həyata keçirdiyini bildirib.
Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev Regional Əlaqələndirmə Mərkəzlərinin qəhvəyi mərmər bağacığına qarşı mübarizə çərçivəsində gördüyü işlər barədə məlumat verib, keçirilən görüşlər və həyata keçirilən tədbirlər haqqında hesabat təqdim edib.
Müşavirədə 2026-cı ildə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin təşkili ilə bağlı geniş fikir mübadiləsi aparılıb.