İrandan narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən sərhəd xəttinə yaxın ərazidə pilotsuz uçuş aparatı (PUA) səsi eşidilmiş, bir qədər sonra isə həmin istiqamətdə hərəkət edən 2 (iki) nəfər naməlum şəxs müşahidə olunmuşdur.
Operativ Media xəbər verir ki, bu barədə DSX məlumat yayıb.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılmışdır.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşları – 1993-cü il təvəllüdlü Mərdanov Natiq Vahid oğlu və 1995-ci il təvəllüdlü Mahmudov Elşən Arif oğlu şübhəli şəxs qismində saxlanılmışdır.
İlkin dindirilmə zamanı saxlanılan şəxslər İran İslam Respublikası ərazisindən PUA vasitəsilə atılan 10 kiloqram 224 qram narkotiki götürmək məqsədilə gəldiklərini etiraf etmişlər.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.