Cümhuriyyətin ideoloji memarı – Məmməd Əmin Rəsulzadə
“Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məmməd Əmin Rəsulzadənin vəfatının ildönümüdür. 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin banisi və milli ideoloqlarından biri kimi o, Azərbaycan xalqının tarixində və dövlətçilik düşüncəsində mühüm yer tutur”.
Bunu AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, türkoloq alim Faiq Ələkbərli Operativ Media-ya bildirib.
Onun sözlərinə görə, tarixə nəzər saldıqda görürük ki, hər bir dövlətin formalaşmasında müəyyən şəxsiyyətlərin xüsusi rolu olur:
“Necə ki, müxtəlif dövrlərdə dövlət quruculuğu ilə bağlı Şah İsmayıl Xətai, Ağa Məhəmməd şah Qacar, Nadir şah Əfşar kimi tarixi şəxsiyyətlərin adı çəkilir, eyni şəkildə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu kimi də Məmməd Əmin Rəsulzadənin adı tarixə həkk olunub.
Şübhəsiz ki, Cümhuriyyətin yaradılmasında onunla yanaşı bir çox görkəmli şəxsiyyətlərin də böyük xidmətləri olub. Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Üzeyir Hacıbəyli, Əlimərdan bəy Topçubaşov və digər ziyalılar Cümhuriyyətin qurulması və inkişafı üçün misilsiz xidmətlər göstəriblər. Bununla belə, dövlət ideyasının formalaşması və həyata keçirilməsində aparıcı simalardan biri məhz Məmməd Əmin Rəsulzadə olub.
Bu gün “Azərbaycan” adlı müstəqil dövlətin mövcudluğu, Azərbaycan adının siyasi və milli məfhum kimi möhkəmlənməsi böyük ölçüdə Rəsulzadənin fəaliyyəti ilə bağlıdır. O, yeni qurulan türk dövlətinə “Azərbaycan” adının verilməsi ideyasını irəli sürərək, bu ad vasitəsilə xalqımızın Təbrizdən Dərbəndə, Borçalıdan digər tarixi torpaqlara qədər geniş coğrafiya ilə bağlılığını ifadə etmişdi.
Rəsulzadə həm də milli ideologiyanın formalaşmasında mühüm rol oynadı. O, türklük, azərbaycançılıq, islam dəyərləri və çağdaşlıq kimi prinsipləri bir araya gətirərək yeni bir dövlətçilik modeli ortaya qoydu. Onun fikirlərində bu ideyalar təkcə nəzəriyyə deyil, həm də praktik dövlət quruculuğu təcrübəsi kimi həyata keçirildi.
Bu gün müstəqil Azərbaycanın dövlətçilik düşüncəsinin əsas ideya mənbələrindən biri də məhz Rəsulzadənin irsidir. Onun ideyalarını Azərbaycan xalqının gələcəyi ilə əlaqələndirmək təsadüfi deyil. Çünki müasir Azərbaycan dövlətinin inkişafında da həmin milli dövlətçilik ənənələri özünü göstərir.
Bu gün biz Rəsulzadəni ehtiramla yad edirik. Onun məzarı Ankarada yerləşsə də, əslində o, bütün Azərbaycan xalqının yaddaşında yaşayır. Hər bir azərbaycanlı onun bizə miras qoyduğu dövlətçilik ideyasının və azərbaycançılıq düşüncəsinin dəyərini anlayır.
Məmməd Əmin Rəsulzadə Azərbaycan xalqının yeni dövr tarixinin, dövlətçilik ənənələrinin və milli ideologiyasının ən parlaq simalarından biridir. Onun irsi bu gün də yaşayır və gələcək nəsillər üçün mühüm ideya mənbəyi olaraq qalır”.
