Menyu

Vəkil: Polis çağırışı alan vətəndaş yalnız müvafiq bölməyə müraciət etməlidir

Operativ Media
Vəkil: Polis çağırışı alan vətəndaş yalnız müvafiq bölməyə müraciət etməlidir
Operativ Media-nın qaynar xəttinə müraciət edən vətəndaş bildirib ki, polis əməkdaşları ona zəng edərək adının dələduzluq faktı üzrə hallandığını deyiblər və bu səbəbdən müəyyən regional polis bölməsinə yaxınlaşmasını tələb ediblər.

Vətəndaş isə Bakıda özünə daha yaxın olan başqa bir polis bölməsinə müraciət edərək məsələni aydınlaşdırmaq istəyib. Lakin həmin bölmədə ona izahatın yalnız çağırışın edildiyi regional polis şöbəsində verilə biləcəyi bildirilib.

Bəs vətəndaş başqa polis bölməsində izahat verə bilərmi?

Mövzu ilə bağlı vəkil İsrafil Əlili Operativ Media-ya açıqlamasında bildirib ki, polis çağırışı hansı bölmədən edilibsə, vətəndaş da məhz həmin polis bölməsinə müraciət etməlidir.

Onun sözlərinə görə, əgər şəxs həqiqətən dələduzluq etməyibsə, çağırıldığı bölməyə gedərək izahat verməli və öz mövqeyini əsaslandıran sübutları təqdim edə bilər. Həmçinin, şikayətçinin kim olduğunu bilirsə, bunu da aydınlaşdırmaq hüququna malikdir.

Vəkil əlavə edib ki, bəzi hallarda belə müraciətlər əslində cinayət xarakteri daşımır və mülki münasibətlərdən, xüsusilə də borc məsələlərindən qaynaqlanır. Onun sözlərinə görə, insanlar bəzən borc münasibətlərini səhvən dələduzluq kimi qiymətləndirirlər.

İsrafil Əlili vurğulayıb ki, kiməsə borc verilməsi faktı öz-özlüyündə dələduzluq hesab edilmir və hər bir belə hal hüquqi baxımdan ayrıca araşdırılmalıdır.

Əlaqəli Xəbərlər