Menyu

Azərbaycan və Al iqtisadi əməkdaşlığında strateji yüksəliş

Operativ Media
Azərbaycan və Al iqtisadi əməkdaşlığında strateji yüksəliş

“Qlobal Qapı” təşəbbüsü çərçivəsində Azərbaycan - Aİ iqtisadi əməkdaşlığını və sərmayələrini gücləndirmək üçün İqtisadi Əməkdaşlıq üzrə Yüksəksəviyyəli İşçi Qrupunun yaradılması bu sahədə uzunmüddətli və perspektivli əməkdaşlığın hədəfləndiyini təsdiqləyir.

Operativ Media xəbər verir ki, bunu "Musavat.com"a  Milli Məclisin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib.

"Qlobal Qapı” – “Global Gateway” Avropa İttifaqının strateji investisiya tərəfdaşlıqları vasitəsilə beynəlxalq fəaliyyətini gücləndirməyə yönəlmiş əsas təşəbbüsüdür. Bu, Aİ-nin qlobal miqyasda təhlükəsiz və keyfiyyətli bağlantı və infrastruktur qurmaq üçün hazırladığı strateji plandır. Bu planın iki əsas məqsədini fərqləndirmək olar: Aİ-nin strateji maraqlarını, strateji muxtariyyətini və təhlükəsizliyini gücləndirmək, eyni zamanda tərəfdaş ölkələrdə davamlı inkişaf və iqtisadi artımı təşviq edən qarşılıqlı faydalı tərəfdaşlıqlar qurmaq. 2021-ci ildə elan olunan bu strategiya Aİ-ni 2027-ci ilə qədər 300 milyard avro investisiyanın səfərbər edilməsini planlaşdırırdı. Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen tərəfindən “Qlobal Qapı” Forum zamanı verilən son açıqlamalara görə, Aİ artıq ilkin məqsədini keçərək, 2025-ci ilin oktyabrına qədər 306 milyard avro investisiyanı səfərbər edib. Strategiyanın hazırda 2027-ci ilə qədər olan dövrdə 400 milyard avroya qədər genişləndirilməsi planlaşdırılır. Strategiyanın əsas mahiyyəti xarici investisiyaları, inkişaf əməkdaşlığını və iqtisadi diplomatiyanı vahid strateji çərçivədə birləşdirməkdir. Bu yanaşma Aİ-nin xarici siyasətində daha geniş bir dəyişiklikdən xəbər verir – yəni sırf inkişaf yönümlü yanaşmadan investisiya alətlərinin daha geostrateji istifadəsinə keçid. Bu kontekstdə “Qlobal Qapı” yalnız inkişaf aləti deyil, həm də geoiqtisadi strategiya kimi fəaliyyət göstərir.

Azərbaycanın Naxçıvan bölgəsində dəmir yolu şəbəkəsinin müasirləşdirilməsinə dəstəyin, Tramp marşrutunun icrasına yönəlmiş səylərlə bağlı ölkəmizlə əməkdaşlığa sadiqliyin elan olunması da məhz bu strategiyadan qaynaqlanır. Bu mexanizmlərlə yanaşı, ümumilikdə “Qlobal Qapı” çərçivəsində daşımaların prioritetləşdirilməsi məhz qarşılıqlı fayda formulasını təsdiqləyir.

2025-ci ilin aprelində Səmərqənd şəhərində keçirilən ilk Avropa İttifaqı-Mərkəzi Asiya sammitində Mərkəzi Asiya “Qlobal Qapı” təşəbbüsünə daxil edildi və bu çərçivədə Brüssel tərəfindən 12 milyard avro həcmində investisiya paketi elan edildi. Bu sərmayə paket aşağıdakı sahələrdə əməkdaşlığı gücləndirməyi nəzərdə tutur: nəqliyyat əlaqələrinin inkişafı, kritik xammallar sahəsində əməkdaşlıq, rəqəmsal şəbəkələrin genişləndirilməsi, su, enerji və iqlim siyasətinin inteqrasiyası. Ötən ilin noyabrında isə Aİ–Mərkəzi Asiya tərəfdaşlığının daha da gücləndirilməsinə və konkret nəticələrin əldə olunmasına yönəlik missiya məqsədi ilə Brüssel iki komissarını Özbəkistana ezam etdi. Səfər çərçivəsində nəqliyyat və logistika infrastrukturunun modernləşdirilməsi, məsuliyyətli kritik xammal tədarük zəncirlərinin qurulması, ticarət axınlarının yaxşılaşdırılması və ekoloji bərpa məsələləri əsas müzakirə predmeti olmuşdur. Səfərin əsas diqqət mərkəzində Transxəzər Nəqliyyat Dəhlizinin inkişafının yer alması Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə, Avropa və dəhliz boyunca yerləşən digər ölkələrdə yerli inkişafı, rifahı və sabitliyi artırmağı hədəfləyir. Bu nəqliyyat layihəsi Avropa ilə Mərkəzi Asiyanı, Azərbaycandan keçməklə təxminən 15 gün ərzində birləşdirəcək nəqliyyat marşrutu kimi qiymətləndirilir. Layihə region ölkələri ilə yanaşı, eyni zamanda Avropanın iqtisadi təhlükəsizliyinin gücləndirilməsinə də töhfə verir.

Heç şübhəsiz, Bakı və Brüssel arasında əməkdaşlığı şərtləndirən mühüm amillərdən biri də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında yüksək səviyyədə dialoqun olmasıdır. Ötən ilin mayında Tiranada, oktyabrında isə Kopenhagendə Avropa Siyasi Birliyinin sammitləri çərçivəsində aparılan danışıqların hazırki Bakı səfərinin əsasını təşkil edib. Kopenhagen Zirvə görüşündə isə Prezident Koşta Prezident Əliyevi Vaşinqtonda paraflanmış süh sazişi münasibəti ilə təbrik edib və sonradan X sosial şəbəkəsində etdiyi paylaşımda regiona “Qlobal Qapı” təşəbbüsü çərçivəsində gələcəklərini elan etmişdi. Bu, onu bir daha göstərir ki, Azərbaycanın işğala son qoymaqla yaratdığı yeni siyasi reallıq və yeni status əsasında qurulan əməkdaşlıq və bunların əsasında duran Azərbaycan Prezidenti İlham Əliyevin sülh gündəliyi Avropa İttifaqı tərəfindən qəbul olunur və dəyərləndirilir. Həmçinin ABŞ-dən sonra Avropa İttifaqının da məhz bu reallıqları özündə ehtiva edən strateji tərəfdaşlıq qurması və bunu əhəmiyyətli layihələrlə möhkəmləndirməsi məhz Prezident İlham Əliyevin çoxölçülü xarici siyasət kursunun və mükəmməl diplomatik səylərinin nəticəsidir. Bu strateji tərəfdaşlıqların ikitərəfli münasibətlərlə yanaşı, həmçinin regional və qlobal miqyasda sülhə və sabitliyə xidmət edən layihələrin icrasını özündə ehtiva etməsi uzunmüddətli və perspektivli əməkdaşlıqdan xəbər verir.

Əlaqəli Xəbərlər