Bayram günlərində avtomobillə səfərə çıxanların diqqətinə
Xəbər verdiyimiz kimi, sabahdan etibarən Azərbaycanda 11 günlük bayram tətili başlayır.
Bayram tətilində şəxsi avtomobillə rayonlara səfər edənlərin sayı çoxalır.
Bəs uzaq yola çıxarkən avtomobildə nələrə diqqət edilməlidir?
Mövzu ilə bağlı Operativ Media-ya avtomobil ustası Sahil Ağabəyli danışıb.
Onun sözlərinə görə, bayram günlərində avtomobillə səfərə çıxmazdan əvvəl texniki baxış məsələsinə ciddi yanaşmaq lazımdır:
"Ən böyük səhvlərdən biri odur ki, sürücülər yola çıxmazdan bir gün əvvəl və ya hətta elə həmin gün avtomobili ustaya göstərirlər. Bu isə düzgün yanaşma deyil. Avtomobilə baxış ən azı bir neçə gün əvvəl keçirilməlidir. Çünki baxış zamanı hər hansı detal dəyişdiriləndə və ya mühərrik yağı yenilənəndə ustanın edə biləcəyi xırda səhvlər sonradan yolda problem yarada bilər. Əgər bu cür nasazlıq səfər zamanı üzə çıxsa, avtomobil yolda qala bilər.
Bundan əlavə, avtomobilin mühərrik yağı mütləq yoxlanılmalı və lazım gələrsə dəyişdirilməlidir. Sürətlər qutusunun yağı da nəzarətdə saxlanmalı, azdırsa əlavə olunmalı, vaxtı çatıbsa dəyişdirilməlidir. Avtomobilin ümumi yürüşünə (kilometrajına) uyğun olaraq texniki qulluq işləri gecikdirilməməlidir.
Təkərlərə xüsusi diqqət yetirilməlidir. Təkər zahirən normal görünsə də, avtomobil qaldırıcıya qaldırılaraq alt hissəsi yoxlanmalıdır. Çünki gizli kəsik və ya zədələr yalnız bu halda üzə çıxır.
Eyni zamanda avtomobilin ön və arxa hissələrində, xüsusilə asqı (perodok) sistemində də yoxlama aparılmalıdır.
Uzun yola çıxarkən mühərrikin işinə təsir edən detallara da diqqət etmək vacibdir. Şamlar yoxlanmalı, lazım gələrsə dəyişdirilməlidir. Yanacaq və hava filtrləri yenilənməli, həmçinin salon filtri dəyişdirilməlidir ki, avtomobil daxilində hava təmiz olsun. Bu həm sürücünün, həm də sərnişinlərin rahatlığı üçün vacibdir".
