Professor: Yeni əməkhaqqı sistemi şəffaflıq və səmərəliliyin təminatçısıdır
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2026-cı il tarixli “Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin əməkhaqqı sisteminin təkmilləşdirilməsi haqqında” Fərmanından irəli gələn yeni yanaşma dövlət idarəçiliyində həyata keçirilən institusional islahatların məntiqi davamıdır. Bu yanaşma irəliyə doğru atılan böyük bir addımdır və dövlət tərəfindən yaradılan publik hüquqi şəxslərdə əməkhaqqı sisteminin daha müasir, balanslı, sabit və səmərəli modelinin formalaşdırılmasına xidmət edir. Belə ki, dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərdə aylıq vəzifə maaşlarının yuxarı həddinin müvafiq analoji dövlət qulluğu vəzifələri üçün müəyyən edilmiş baza vəzifə maaşının 90 faizi səviyyəsində müəyyən edilməsi publik hüquqi şəxslərdə çalışan əməkdaşların nüfuzunun artırılması deməkdir”.
Bu fikirləri Operativ Media-ya açıqlamasında Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov bildirib.
Onun sözlərinə görə, yeni əməkhaqqı modelinin əsas üstünlüklərindən biri sözügedən qurumlarda əməkhaqqı sisteminin daha şəffaf, ədalətli və nəticəyönümlü müstəviyə çıxarılmasıdır: “Bu həm idarəetmə baxımından, həm də bu istiqamətdə çalışanların əməyinin dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Digər mühüm cəhətlərdən biri də ondan ibarətdir ki, əvvəllər müxtəlif əlavələr formasında ödənilən hissələrin vəzifə maaşının tərkibinə daxil edilməsi əmək haqqının vahid sistemini formalaşdıracaqdır. Beləliklə, əməkhaqqı sistemində daha aydın və sabit bir struktur yaranacaqdır. Eyni zamanda, bu model bir sıra hallarda müşahidə olunan maaş disproporsiyalarının aradan qaldırılmasına da şərait yaradacaqdır. Nəticədə bərabər imkanlar prinsipi daha dolğun şəkildə təmin olunmaqla, həmin strukturlarda əməkhaqqının daha stabil və proqnozlaşdırılan xarakter almasına gətirib çıxaracaqdır”.
