Əlilliyi olan 2500 şəxs robotik reabilitasiya xidmətlərinə cəlb olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində son illər tətbiqinə başlanan yeni xidmətlərdən biri də robotik terapiya xidmətidir.
Operativ Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Ötən dövrdə həmin mərkəzlərdə əlilliyi olan 2500 şəxs robotik reabilitasiya xidmətlərinə cəlb olunub.
Robot reabilitasiya xidməti dayaq-hərəkət və sinir sisteminin sağlamlıq vəziyyətinin diaqnozu və müalicəsində tətbiq olunur. Bu terapiya əlilliyi olan şəxslərin intensiv və hərtərəfli neyroreabilitasiyasına, onlarda sinir sisteminin bərpasına, mümkün olan funksionallığı bərpa etməyə kömək edir.
İnsult, travmatik beyin və onurğa beyni zədələnmələri, parkinson, şaxəli skreloz, serebral iflic və digər diaqnozlu əlilliyi olan şəxslərin sosial-psixoloji və fizioterapevtik reabilitasiyasında da qeyd edilən üsul tətbiq olunur.