Menyu

Zarafat psixologiyaya necə təsir edir?

Ayşən Sadıxzadə
Zarafat psixologiyaya necə təsir edir?

“İnsan beyni zarafatı çox sevir. Çünki zarafat gözlənilməzlik prinsipinə əsaslanır. Beyin müəyyən bir nəticə gözləyir, lakin tamam fərqli nəticə ilə qarşılaşanda gülüş yaranır. Bu isə beynin “təhlükə yoxdur” siqnalı verməsi ilə bağlıdır. Yəni gülüş beynin rahatlama reaksiyasıdır”.

Bu sözləri Operativ Media-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

O bildirib ki, zarafat zamanı beynin bir neçə hissəsi eyni anda fəaliyyət göstərir. Ön beyin düşünür, məntiq hissəsi analiz edir, emosional mərkəz isə gülüş reaksiyası yaradır. Buna görə də zarafat etmək həm də zehni fəaliyyətin bir növ məşqidir.

Psixoloqlar hesab edirlər ki, zarafat edən insanlar daha sosial, daha ünsiyyətcil və stressə daha davamlı olurlar. Çünki gülüş zamanı insanın bədənində stress hormonu olan kortizol azalır, xoşbəxtlik hormonu olan endorfin isə artır. Buna görə də zarafat etmək yalnız əyləncə deyil, həm də psixoloji müdafiə mexanizmidir.

1 Aprel insanların bir-biri ilə daha rahat ünsiyyət qurduğu, sosial baryerlərin azaldığı gündür. Bu gün insanlar bir-biri ilə zarafatlaşaraq münasibətləri yumşaldır, aradakı gərginliyi azaldır və daha da yaxınlaşırlar. Birlikdə gülən insanlar bir-birinə daha tez güvənir, zarafat ünsiyyəti asanlaşdırır, gülüş emosional məsafəni azaldır və yaradıcılığı artırır.

Amma psixoloqlar bir vacib məqama da diqqət çəkirlər: yaxşı zarafat heç kəsi incitməməlidir. Ən yaxşı zarafat hamının güldüyü zarafatdır, yalnız bir nəfərin yox.

1 Aprel bizə xatırladır ki, insan psixologiyası yalnız ciddi düşünməkdən ibarət deyil. Bəzən bir zarafat, bir gülüş insanın bütün gününü dəyişə bilər. Hətta bəzi psixoloqlar gülüşü insanın psixoloji sağlamlığı üçün qısa bir meditasiya kimi dəyərləndirirlər.

Bəlkə də buna görə insanlar 1 apreldə daha çox zarafat edir. Çünki gülüş insanın ən sadə, amma ən güclü psixoloji ehtiyaclarından biridir. Bəzən bir zarafat, bir gülüş, bir anlıq sevinc insanın bütün gününü dəyişə bilər. Bəlkə də 1 Aprelin ən böyük mənası məhz budur.

Əlaqəli Xəbərlər