Pensiya yaşına diferensial yanaşma tətbiq oluna bilər - İZAH
“Bizim irəli sürdüyümüz əsas təkliflərdən biri pensiya yaşına diferensial yanaşmanın tətbiq olunması ilə bağlıdır. Belə ki, bir sıra ölkələrdə, o cümlədən bəzi Avropa İttifaqına üzv dövlətlərdə qadınlarla kişilərin pensiya yaşı arasında fərq mövcuddur. Yəni qadınlar kişilərlə müqayisədə daha tez pensiyaya çıxırlar”.
Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Vüqar Bayramov deyib.
O bildirib ki, bu yanaşmanın Azərbaycanda da tətbiqi məqsədəuyğun ola bilər:
“Çünki xüsusilə pensiya yaşına yaxın dövrdə qadınların sosial təminata və dəstəyə ehtiyacı daha çox hiss olunur. Bu baxımdan qadınların daha erkən pensiyaya çıxması onların sosial rifahına müsbət təsir göstərə bilər.
Eyni zamanda pensiya yaşı müəyyən edilərkən yalnız yaş meyarı ilə kifayətlənmək yox, keyfiyyət meyarlarının da nəzərə alınması vacibdir. Məsələn, tək analar üçün pensiya yaşının daha aşağı müəyyənləşdirilməsi məqsədəuyğun hesab olunur. Çünki bu kateqoriyaya aid qadınların sosial təminata ehtiyacı daha yüksək olur və onların daha tez pensiya hüququ əldə etməsi vacibdir.
Digər mühüm məsələlərdən biri isə uşaqların sayına görə diferensial yanaşmanın tətbiqidir. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, beş və daha çox uşağı olan ailələrdə valideynlər (xüsusilə analar) daha erkən pensiyaya çıxmaq hüququ əldə edirlər və onların pensiya yaşı 65 deyil, 60 olaraq müəyyən edilir.
Biz təklif edirik ki, çoxuşaqlı ailə anlayışına yenidən baxılsın və bu hədd mərhələli şəkildə aşağı salınsın. Yəni 3 və daha çox uşağı olan ailələr üçün də erkən pensiyaya çıxmaq imkanları yaradılsın. Bu yanaşma daha geniş əhali qrupunun sosial təminat imkanlarını artırar və onların daha tez pensiya təminatı əldə etməsinə şərait yaradar”.
Deputat Azər Badamov bildirib ki, pensiya sistemi elə qurulmalıdır ki, vətəndaş öz həyatının bir hissəsini rahat və təminatlı şəkildə yaşaya bilsin, dövlət isə bu sistemi uzun müddət davam etdirə biləcək maliyyə imkanlarına malik olsun:
“Bu balansın qorunması davamlı iqtisadi inkişaf və sosial rifah üçün əsas şərtlərdən biridir.
Orta ömür uzunluğu ilə pensiya yaşı arasında balansın düzgün qurulması həm insan rifahını, həm də dövlətin maliyyə dayanıqlığını təmin edən əsas mexanizmlərdən biridir. Bu balans qurularkən bir neçə prinsip paralel şəkildə nəzərə alınmalıdır.
Birinci onu qeyd edə bilərik ki, insan pensiyaya çıxdıqdan sonra ən azı 10–15 il sağlam və keyfiyyətli həyat sürə bilməlidir.
İkincisi isə bütün peşələr üçün eyni pensiya yaşı təyin etmək düzgün olmaz. Ona görə də qanunvericilikdə ağır və zərərli işlərdə çalışanların daha tez pensiyaya çıxması nəzərdə tutulur. Digər bir məsələ isə ölkədə işləyənlərlə pensiyada olanların sayının müqayisəsi də pensiya yaşına təsir göstərə bilər. Yəni pensiyada olanların sayının kəskin artması dövlətin sosial yükünü kəskin artıra bilər və bu baxımdan orta ömür yaşı ilə pensiya yaşı arasında balans müəyyən ediləndə bu amil də nəzərə alınır. Azərbaycanda pensiya yaşı 65 müəyyən olunub. Təbii ki, bu yaş qeyd etdiyim amilləri nəzərə alınaraq müəyyən olunub”.

