Yeni qlobal biznes düzəni - Seçimləri kimlər idarə edirlər?
"Uber"in maşını yoxdur. "Netflix"in kino zalı yoxdur. "Spotify" musiqi yaratmır. "Amazon"un isə klassik mağazası belə yoxdur.
Amma qəribə olan bu deyil. Qəribə olan odur ki, bunların hamısı öz sahəsində bazarı idarə edir.
Bir vaxtlar güc istehsalda idi. Kim daha çox məhsul istehsal edirdisə, kim daha çox aktivə sahib idisə, bazar ona məxsus olurdu. Fabriklər, torpaqlar, məhsullar - bunlar iqtisadi gücün əsas indikatorları idi.
İndi oyun dəyişib. Artıq məsələ istehsal etmək deyil. Məsələ axını idarə etməkdir.
"Uber" maşın almır, sürücüləri bir yerə yığır. "Netflix" kontent istehsal etmir (ən azından əvvəl etmirdi), amma izləyicinin diqqətini yönləndirir. "Spotify" musiqi yaratmır, amma hansı mahnının dinlənəcəyini seçir. "Amazon" məhsul istehsal etmir, amma hansı məhsulun görünəcəyinə qərar verir.
Yəni bunlar sadəcə oyunçu deyil. Oyunun qaydalarını yazan tərəfdir. Biz düşünürük ki, seçim edirik. Əslində isə seçim bizə etdirilir.
Bu model köhnə bizneslərdə də işləyirdi. "McDonald's" əslində burger şirkəti kimi görünür. Amma Ray Krocun başa düşdüyü fərq bu idi: əsl güc burgerdə yox, daşınmaz əmlakda idi.
O, restoranın yerləşəcəyi torpağı alır, franşiza sahibinə kirayəyə verirdi. Franşiza sahibi işləyir, risk alırdı. "McDonald's" isə həm franşiza haqqı, həm kirayə gəliri əldə edirdi. Yəni şirkət burger satmaqdan çox, giriş qapısını idarə edirdi.
Bugünkü platformalar eyni prinsipi tətbiq edir:
"Amazon": "Buy Box" satıcıların 82%-inin satışını müəyyən edir. Buradan düşən satıcı görünməz olur.
"Spotify": "Discover Weekly" və "Release Radar" pleylistləri musiqiçilərin gəlirini dəyişir. Pleylistlərə düşməyən mahnılar itir.
"Netflix": fərdiləşdirilmiş tövsiyə sistemi zəifləsə, izlənmə 4%-12% azalır.
Bu artıq sadəcə vasitəçilik deyil. Bu, görünməni idarə edən mərkəzləşdirilmiş gücdür. İstehsalçılar çoxdur, amma görünmək üçün keçməli olduqları qapılar azdır.
Bir alqoritm dəyişir - minlərlə insanın gəliri yox olur. Bir reytinq düşür - biznes batır. Bir "visibility" azalır - sən bazardan silinirsən.
Bu sistemdə mövcud olmaq könüllü asılılıqdır. İnsan rahatlıq istəyir. Seçim etmək istəmir. Ona filtr olunmuş dünya lazımdır. Platformalar bunu verir: sürətli, rahat, optimallaşdırılmış qərarlar. Əvəzində isə nəyi itirdiyini hiss etmir: seçim azadlığını.
Artıq ən güclü olan ən yaxşı məhsulu yaradan deyil. Ən güclü olan - hansının görünəcəyinə qərar verəndir. Bu yeni dünyada istehsalçı olmaq kifayət etmir. Görünmək üçün sistemə daxil olmalısan.
Gələcəyin qalibləri məhsul yaradanlar yox, seçimləri idarə edənlər olacaq. Qalanları isə sadəcə həmin sistemin içində görünmək üçün mübarizə aparacaq.
Həsən Fətəliyev