Menyu

Xaricə köçən şəxslərin pensiya hüququ necə qorunur?

Ayşən Sadıxzadə
Xaricə köçən şəxslərin pensiya hüququ necə qorunur?

Bəzi hallarda vətəndaşların başqa ölkəyə köçməsi onların sosial təminat hüquqları ilə bağlı suallar yaradır. Xüsusilə pensiya alan şəxslər üçün bu məsələ daha aktual olur. Bir çoxları düşünür ki, ölkə xaricində yaşamaq pensiya ödənişlərinə təsir edə bilər. Bəs görəsən, başqa ölkəyə köçən şəxslərin pensiyası ilə bağlı qanunvericilik nə deyir?

Mövzu ilə bağlı Operativ Media-ya vəkil Turan Abdullazadə bildirib ki, başqa ölkəyə köçən şəxslərin pensiyası avtomatik olaraq dayandırılmır, lakin bunun üçün müəyyən şərtlər mövcuddur.

Onun sözlərinə görə, “Azərbaycan Respublikasının Əmək pensiyaları haqqında” qanunun 43.1-ci maddəsinə əsasən, Azərbaycan vətəndaşlığını saxlayan şəxslər xaricdə yaşadıqları müddətdə onlara təyin olunmuş əmək pensiyasını almağa davam edə bilərlər. Bu ödənişlər onların istəyi ilə Azərbaycandakı bank hesabına və ya öz vəsaitləri hesabına yaşadıqları xarici ölkəyə köçürülə bilər.

Yəni, vətəndaş başqa ölkəyə köçsə belə, əgər Azərbaycan vətəndaşlığını saxlayırsa, onun pensiya hüququ qüvvədə qalır və ödəniş davam edir. Şəxslər pensiyanın ya Azərbaycandakı hesablarına, ya da yaşadıqları ölkədəki bank hesabına köçürülməsi üçün müraciət edə bilərlər.

Lakin şəxs Azərbaycan vətəndaşlığından çıxaraq başqa ölkənin vətəndaşlığını qəbul edərsə, bu halda pensiya ödənişi dayandırıla bilər.

Qanunvericiliyə əsasən, pensiya aşağıdakı hallarda da kəsilə bilər: şəxs vəfat etdikdə, saxta sənədlər aşkarlandıqda, pensiya hüququ verən əsas aradan qalxdıqda, həmçinin uzun müddət pensiya alınmadıqda və ya bu barədə müvafiq məlumat verilmədikdə.

Əlaqəli Xəbərlər