Azərbaycanda nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən nəqliyyat sektorunda yeni dövlət standartları qəbul edilib.
• AZSTAND-dan Operativ Media-ya bildirilib ki, qəbul olunan standartlar BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) müvafiq qaydaları əsasında hazırlanıb:
• AZS ECE 9:2026 (UN Regulation №9) “Səs emissiyası baxımından L2, L4 və L5 kateqoriyalı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”;
• AZS ECE 10:2026 (UN Regulation №10) “Elektromaqnit uyğunluğu ilə bağlı nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar”;
• AZS ECE 11:2026 (UN Regulation №11) “Qapı kilidləri və qapının saxlayıcı qurğuları ilə bağlı nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar”;
• AZS ECE 12:2026 (UN Regulation №12) “Zərbə zamanı sürücünün sükan idarə olunma sistemindən qorunması baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar”;
• AZS ECE 13H:2026 (UN Regulation №13H) “Sərnişin avtomobillərinin əyləc sistemləri baxımından rəsmi təsdiqinə dair vahid müddəalar”;
• AZS ECE 14:2026 (UN Regulation №14) “Təhlükəsizlik kəmərlərinin bərkidilməsi baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar”;
• AZS ECE 17:2026 (UN Regulation №17) “Oturacaqlar, onların bərkitmələri və başaltıları baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar”;
• AZS ECE 25:2026 (UN Regulation №25) “Nəqliyyat vasitələrinin oturacaqlarına quraşdırılmış və ya quraşdırılmamış başaltıların rəsmi təsdiqinə dair vahid müddəalar”;
• AZS ECE 26:2026 (UN Regulation №26) “Xarici çıxıntıları baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar”;
• AZS ECE 37:2026 (UN Regulation №37) “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının təsdiq edilmiş fənərlərində istifadəsi üçün nəzərdə tutulmuş közərmə lampalarının rəsmi təsdiqinə dair vahid müddəalar”.
Qeyd edək ki, bu dövlət standartları M və N kateqoriyalı mexaniki nəqliyyat vasitələrinin hərəkət şəraitində yaratdığı səs-küy səviyyələrinin ölçülməsi və qiymətləndirilməsi, elektromaqnit uyğunluğunun təmin edilməsi, qapı kilidləri, sükan idarəolunma və əyləc sistemləri, təhlükəsizlik kəmərlərinin bərkitmələri, oturacaqların və başaltıların möhkəmliyi, nəqliyyat vasitələrinin xarici çıxıntıları və fənərlərdə istifadə olunan lampaların texniki göstəricilərinin qiymətləndirilməsi və təhlükəsizliyi sahələrini əhatə edir.
Sözügedən dövlət standartı layihələri “2026-2028-ci illər üzrə Milli Standartlaşdırma Proqramı”nın icrası çərçivəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin sədrlik etdiyi “Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 19) təqdimatı əsasında AZSTAND tərəfindən qəbul edilib və standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.