Menyu

Astroloqlar, numeroloqlar və enerji verənlər: Yeni dövrün dələduzları

Operativ Media
Astroloqlar, numeroloqlar və enerji verənlər: Yeni dövrün dələduzları

İllər əvvəl sosial mediada astroloji proqnozları ilə məşhurlaşan bir tanışım keçmiş həyat yoldaşının şəklini göstərdi. İlk baxışda qumar problemi olduğunu dedim. Təəccüblə boşanma səbəbinin mərc asılılığı olduğunu söylədi.

Mənim bunu necə bilməyimə bir qədər sonra qayıdarıq.

Budəfəki mövzum isə başqa bir məsələdir: insanların iti müşahidə, psixologiya və manipulyasiya bacarığını fövqəltəbii güc kimi satması.

Hər sahəni tək-tək didikləmək yazını yersiz uzadacağı üçün ümumiləşdirmə və nümunələrlə gedəcəyəm.

Son dövrlərdə məşhurlaşan tendensiyaların biri addəyişmə idi. Bu işlərlə məşğul olan məşhur şəxs öz müştərisinin adını dəyişdikdən sonra 200 manatlıq satıcı işini çox yüksək qazanclı işə dəyişdiyini iddia edirdi.

Elə həmin məşhur xanım müxtəlif marafonlar keçirib 600 manata guya ruzi-bərəkət gətirən pulqabı satmışdı. Hətta müştərilərdən biri pulqabının pul gətirmədiyinə görə etiraz edəndə "almazdınız" demişdi.

Bəli, belə bir reallıq var ki, insanlara bunu zorla etdirmirlər, özləri könüllü şəkildə 600 manat verərək, əşyaya ümid edirlər. Problem də məhz budur: artıq məhsul alınmır, nəzarət hissi alınır. Ancaq insanlar bunu niyə anlamırlar? Bəlkə bilmədiyimiz nələrsə var?

Bu dələduzlara kimlər müraciət edirlər?

İnsan çarəsiz olanda məntiqdən çox ümid axtarır. Ayrılıq, işsizlik, xəstəlik, gələcək qorxusu, özgüvən problemi olan insanlar "səndə göz var", "enerjin bağlanıb", "yeddi günə geri dönəcək" kimi cümlələrə daha tez bağlanırlar. Bu, təəssüf ki, insanın təbii halıdır. Hər kəs soyuq başla düşünüb, həyatı rasional yaşamır. Başımıza gələnlərdə yalnız özümüzü günahkar bilmək həddinə hər insan çata bilmir.

Bu dələduzlar ümid axtaran insanlara nə vəd verirlər? Ən çox hansı manipulyasiya üsullarından istifadə edilir?

Hər kəsə uyğun ümumi cümlələr: "Sən çox şey yaşamısan", "İnsanlara çox yaxşılıq etmisən, qarşılığını almamısan";

Qorxu yaratmaq: "Üzərində neqativ enerji var";

Ümid satmaq: "Üç günə mesaj gələcək";

Günahı istifadəçiyə yükləmək: "İnanmadığın üçün alınmadı";

Davamlı asılılıq yaratmaq: "Bir seans da lazımdır", "Kartlar hələ tam açılmayıb" və s.

Mən hələ eşitməmişəm ki, enerji, çakra, numerologiya kimi metodlardan istifadə edən biri kiməsə dataya əsaslanan bir şey desin.

Bu manipulyasiya növlərinin elmi adları var:

"Barnum effekti": hər kəsə aid ola bilən ümumi cümlələrin şəxsi qəbul edilməsi;

"Confirmation bias": yalnız düz çıxan proqnozların yadda qalması;

"Sunk cost fallacy": artıq pul verdiyi üçün insanın sistemi tərk edə bilməməsi;

"Authority bias": "məşhurdur, deməli haqlıdır" düşüncəsi.

Bəs bu dələduzlar niyə artdı?

Əvvəllər məhəllə falçısı var idi. İndi isə kamera qarşısında estetik görüntü, şam, tüstü, sakit musiqi, "manifest" sözləri və guya elmi terminlərlə bu iş daha "premium" görünür. İnsanlar artıq falçıya yox, "spiritual coach" (spiritual kouçlar), "energy healer" (enerji ilə sağaldanlar), "relationship mentor" (münasibət mentorları) adı altında eyni adamlara pul verirlər.

Bunun ən təhlükəli tərəfi odur ki, insanlar qərar verməyi dayandırırlar. Öz həyatını idarə etmək yerinə, hər addımı üçün astroloqdan, numeroloqdan, taroçudan cavab gözləyirlər. Ayrılıb-ayrılmamaq, iş dəyişmək, evlənmək, hətta xəstəliklə bağlı qərarlar belə bu adamlara buraxılır.

Çünki bir çox insan "sən səhv etmisən" sözünü eşitmək istəmir. "Enerjim tutulub" demək daha rahatdır. İşləmədin deyil, "Saturn gerilədi". Münasibəti sən dağıtdın deyil, "nəzər dəydi". Bu da insanı reallıqdan uzaqlaşdırır.

Əgər biri sənin gələcəyini 50 manata dəyişə bilirsə, problem onun falçı olması deyil, sənin həyatının sükanını ona verməyindir.

Sezarın haqqı Sezara deyiblər. Haqlarını vermək lazımdır ki, bunlar ağıllı insanlardır.

Çünki təvazökarlıqdan uzaq olsa da, yazıya girişimdə belə bacarıqlarımın olduğunu qeyd etmişəm. Təbii ki, fövqəl bir gücüm yoxdur.

Mənim bunu bilmək səbəbim qumar oynayan insanlarla daha əvvəl ünsiyyətdə olmağımdır. Gözlərdəki yorğunluqla bədənin rahatlıq paradoksu, diş sıxılmaları nəticəsində çənənin batması, bahalı geyimlə səliqəsiz görüntü. Bir neçə detalı birləşdirəndə bir kişinin qumar problemi olduğunu təxmin etmək çətin olmur.

Bir az dərin müşahidə, bir az ciddi analiz, təcrübə, "beyin otaqları" ilə işləmək. Bir az fəlsəfə, bir az psixologiya, bir az da detektivlə maraqlanan insanlar üçün bunlar çox çətin bir şey deyil.

Ona görə də bu insanları intellektual da adlandırmaq olar.

Lakin həddən artıq intellektuallıq, yəni rasional düşüncənin, analitik bacarığın və biliyin özünü ali dəyər səviyyəsinə qaldırılması etik anlayışları birbaşa məhv etmir, ancaq onları ciddi şəkildə relativləşdirə, hətta funksiyasızlaşdıra bilər. Problem intellektin özündə deyil, onun əxlaqdan müstəqil və üstün mövqeyə çıxarılmasındadır. İntellekt, mahiyyət etibarilə, alətdir. Ancaq bu alət məqsəd halına gəldikdə, "nə doğrudur?" sualı tədricən "nə mümkündür?" sualı ilə əvəzlənir. Burada etik kateqoriyalar, vicdan, məsuliyyət, empatiya riyazi dəqiqliklə işləmədiyi üçün kənara atılır. Hanna Arendtin məşhur ifadəsi ilə desək, bu vəziyyət "şərin banallığı"nı doğurur: yüksək intellektual qabiliyyətə malik fərdlər öz əməllərinin etik nəticələri üzərində düşünmədən, onları sırf texniki problem kimi həll etməyə başlayırlar.

Bu insanların əksəriyyəti təəssüf ki, digər insanların cahilliyindən və çarəsizliyindən faydalanır, özlərinə güc imperiyası qururlar.

Məşhur "Mentalist" serialı bu mövzuya toxunub. Serialın qəhrəmanı Patrik Ceyn özünü qeyri-adi gücə malik medium kimi təqdim edərək populyarlıq və çoxlu pul qazanıb. Ancaq əldə etdiyi güc zəhərlənməsi nəticəsində efirdə ölkənin ən təhlükəli qatilini təhqir etməsi ilə pik həddə çatır. Qatil isə onun ailəsini öldürür və evinin qapısına bu yazını asır: "Həqiqətən mediumsansa, otaqda nə olduğunu bilirsən".

Çünki Patrik özü də yaxşı bilirdi ki, fövqəlgücə yox, sadəcə iti zəkaya sahibdir və serialın davamında o, öz zəkasını bu qatili həbs etmək üçün polisə kömək göstərməklə istifadə edir.

Əsl intellektuallar sağlam cəmiyyət yaratmağa borclu olanlardır. Necə ki, biz övladlarımızın bloqerləri rol modeli görməsi təhlükəsi ilə üz-üzəyik, yaxın gələcəkdə artıq uşaqlar həkim, müəllim yox məhz çakra, enerji dələduzluğu ilə məşğul olmaq istəyəcəklər. Çünki əgər bu tendensiya davam etsə, gələcəkdə zəhmət, təhsil və peşəkarlıq yox, manipulyasiya, görünüş və "enerji dili" daha gəlirli peşə modeli kimi təqdim olunacaq.

Həsən Fətəliyev

Əlaqəli Xəbərlər