“Biletim.az” portalına yenilik əlavə olunub
“Biletim.az” portalı üzərindən bilet alışı prosesini sürətləndirmək və sərnişin məlumatlarının təkrar daxil edilməsinin qarşısını almaq məqsədilə tətbiqə daha bir funksiya əlavə olunub.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi istiqamətində növbəti yenilik istifadəçilərə şəxsiyyət vəsiqəsi və xarici pasport məlumatlarını sistemdə yadda saxlamaq imkanı yaradır.
Bu yenilik sayəsində istifadəçi 5 şəxsiyyət vəsiqəsi və 5 xarici pasport məlumatlarını portala əlavə etmək imkanı əldə edir.
Həmçinin saxlanılmış sənədləri redaktə və əlavə etmək, silmək mümkündür.
Qeyd edək ki, sənədlərdən biri əsas, digərləri əlavə sənəd kimi təyin edilə bilər və bilet alışı zamanı avtomatik seçilmiş şəkildə göstəriləcək.
“Biletim.az” portalında 58 məntəqə, 92 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 357 reys olmaqla 406 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.