Menyu

Hikmət Babaoğlu: İdeoloji təxribatlara qarşı mübarizədə tarixi yaddaş bizim əsas silahımızdır

Operativ Media
Hikmət Babaoğlu: İdeoloji təxribatlara qarşı mübarizədə tarixi yaddaş bizim əsas silahımızdır
1 dəq oxu

İdeoloji təxribatlara qarşı mübarizədə tarixi yaddaş bizim əsas silahımızdır.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Hikmət Babaoğlu parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, tarixi zəfərin milli qürurunun yaşandığı noyabr günlərində Azərbaycanın qələbəyə aparan yoluna yenidən nəzər salmaq, xüsusilə də müasir ideoloji təxribatlar fonunda tarixi yaddaşı qorumaq vacibdir.

Onun sözlərinə görə, Azərbaycanı tarixi zəfərə aparan amillərdən biri məhz tarixi yaddaş olub.

Hikmət Babaoğlu XIX əsrin sonlarında türk dünyasının böyük ideoloqlarından sayılan İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik” ideyasını, XX əsrin əvvəllərində Əli bəy Hüseynzadənin türkçülük və turançılıq düşüncəsini, Əhməd bəy Ağaoğlunun isə bu ideyalara müstəqillik və azadlıq komponentləri əlavə etməsini xatırladıb.

Deputat vurğulayıb ki, türkçülük ideyası yalnız etnik və milli düşüncə ilə məhdudlaşmayıb, Orta Asiyadan Anadoluya qədər geniş coğrafiyada yaşayan xalqların rifahı və mənafeyini əhatə edib.

O qeyd edib ki, bu ideoloji irsin siyasi müstəvidə reallaşdırılmasında Prezident İlham Əliyevin mühüm rolu olub:

“2009-cu ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatının əsasında dayanacaq türkdilli dövlətlərin əməkdaşlıq təşkilatını yaratdı. Beləliklə, tarixi xronoloji ardıcıllıqda İsmayıl bəy Qaspıralının dildə, fikirdə, işdə birlik ideyasının institlaşmış və siyasi təşkilatlanmış formasına Azərbaycan Prezidenti İlham Əliyev nail oldu”.

Hikmət Babaoğlu bildirib ki, 2020-ci ildə Azərbaycanın tarixi zəfəri Əli bəy Hüseynzadənin arzularının reallaşması, 2023-cü il sentyabrın 20-də keçirilən lokal antiterror əməliyyatı isə Əhməd bəy Ağaoğlunun müstəqillik və azadlıq ideallarının bərpası kimi qiymətləndirilə bilər.

Deputatın fikrincə, Azərbaycanın üçrəngli bayrağında əks olunan prinsipləri tarixi mütəfəkkirlərin ideyaları əsasında siyasi məfkurə və fəlsəfə kontekstində həyata keçirən Prezident İlham Əliyev və Müzəffər Ali Baş Komandan olub.

Hikmət Babaoğlu çıxışının sonunda qeyd edib ki, hazırkı mərhələdə ideoloji təxribatlara qarşı mübarizədə tarixi yaddaş Azərbaycanın əsas silahlarından biridir və bu mübarizədə müasir ictimai-siyasi münasibətlər, eləcə də informasiya resursları nəzərə alınmalıdır.

Əlaqəli Xəbərlər